Qəbələ yenə Bakcell Arenaya köçəcək
"Qəbələ" avrokubokların yeni mövsümündə də ev oyunlarını doğma meydanında keçirə bilməyəcək. Azerisport.az xəbər verir ki, bu mövsüm qitə miqyaslı ev oyunlarını "Bakcell Arena"da keçirən bölgə təmsilçisi böyük ehtimalla, növbəti yarış ilində də bu stadiondan yararlanacaq.
Klubdan aldığımız məlumata görə, klub UEFA-ya iki stadion sifariş etməyə hazırlaşır. Roman Qriqorçukun çalışdırdığı komanda rəqiblərini Qəbələ şəhər stadionunda qəbul etmək istəyir. Ehtiyat arena kimi isə 8-ci km qəsəbəsindəki "Bakcell Arena" göstəriləcək.
Maraq üçün xatırladaq ki, "Qəbələ" bu mövsüm doğma arenasında cəmi bir ev oyunu keçirmişdi. O da UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində baş tutan matç idi. Sonrakı mərhələlərdə, eləcə də qrup mərhələsinin oyunları zamanı isə komanda rəqiblərini "Bakcell Arena"da qəbul etmişdi.
Qeyd edək ki, "Qəbələ"nin avrokuboklardakı bütün ev oyunlarını doğma arenasında keçirməsinə stadionun cəmi iki tribunadan ibarət olması mane olur. Bu da UEFA-nın standartları ilə üst-üstə düşmür. Yeni avrokubok mövsümünün startına qədər bölgə klubu bu problemi yoluna qoya bilsə, ev oyunlarını doğma arenada keçirə bilər. Əks halda komanda yenə Bakıya köçmək məcburiyyətində qalacaq.