Şahruddin Məhəmmədəliyev: Qarabağda debütüm gözlənilməz oldu
"Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev Topaz Premyer Liqasının 20-ci turu çərçivəsində "Xəzər Lənkəran"a qarşı keçirilmiş oyundan (3:0) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- "Qarabağ"dakı debüt oyununuz çoxmu həyəcanlı keçdi?
- Düzünü deyim ki, meydana çıxmağım mənim üçün gözlənilməz oldu. Mənə belə bir şans verdiyinə görə baş məşqçi Qurban Qurbanova minnətdaram.
- Oyunla bağlı təəssüratlarınız necədir?
- Lənkəranlılar çox yaxşı müdafiə olunurdular. Amma ikinci hissədə biz cərimə zərbəsindən vurulan qolla hesabı açdıq. Ardından daha iki qol vurmaqla qələbəni təmin etdik.
- Bu görüşdə elə də çox işiniz olmadı. Darıxdırıcı deyildi?
- Meydanda heç vaxt darıxdırıcı olmur. Hər saniyə diqqətli olmaq lazımdır. Rəqibin hücumlarına hər an hazır idim.
- İşiniz nə qədər az olsa da, epizodların birində zədələnməyə çox yaxın idiniz...
- Bəli, rəqib ayağıma zərbə vurdu. Amma ciddi heç nə baş vermədi. Həm də o epizodda günah özümdə oldu. Çünki topu daha tez çıxarmağım lazım idi.
- Növbəti mövsümdən "Qarabağ"ın əsas qapıçısının İbrahim Şehiç yox, sizin olacağınızı iddia edir. Yoxsa Qurbanov sizi "Xəzər Lənkəran" iddialı rəqib olmadığına görə meydana buraxmışdı?
- Komandanın bir nömrəsi yenə də İbrahim Şehiçdir. Amma mən "Xəzər Lənkəran"la oyunda meydana çıxdığım üçün çox şadam. Çalışacağam ki, bundan sonra da şans aldığım oyunlarda baş məşqçinin etimadını doğruldum.
- "Qarabağ" - "Xəzər Lənkəran" matçı həm də azarkeşlərinizin meydana limon atması ilə yadda qaldı ki, bu, qarşı tərəfin heç də xoşuna gəlmədi. Siz həmin məqamı gördünüz?
- Mən onu görməmişəm. Heç eşitməmişəm də. Ona görə də bu barədə heç nə deyə bilmərəm.
- Keçmiş klubunuz - "Sumqayıt" fasilədən sonra uğursuz çıxış edir, keçirdiyi hər iki oyunda uduzub...
- Komandanın heyətində ciddi itkilər var. Baş məşqçi Samir Abbasov zədə və cəza səbəbindən altı futbolçunun xidmətindən məhrum idi. Bu, komandanın çıxışına təsir göstərməyə bilməzdi. Fikrimcə, "Sumqayıt" tədricən sürət yığacaq və xallar qazanmağa başlayacaq.
- "Qarabağ"ın qarşıdakı "Kəpəz"lə oyunundan nə gözləyirsiniz?
- Bilirəm ki, Gəncədəki oyun çox çətin olacaq. Amma biz "Kəpəz"ə səfərdə də qalib gəlməyə çalışacağıq.