Rövşən Hüseynli: Millidə yalnız təcrübə çatışmazlığı var
Futzal üzrə Azərbaycan yığmasının qapıçısı Rövşən Hüseynli Avropa çempionatının 1/4 final mərhələsi çərçivəsində Rusiyaya 2:6 hesabıyla uduzduqları oyundan sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Məğlubiyyətinizə nə səbəb oldu?
- Bu oyun doğrudan da çox çətin alındı. Qələbə qazanmaq üçün əlimizdən gələni etdik. Amma rəqibimiz bizdən daha təcrübəli idi. Bu mövsüm elə alındı ki, ötən AÇ-nin hər iki finalçısı ilə qarşılaşmalı olduq. Qrup mərhələsində İtaliyaya, bu dəfə isə Rusiyaya uduzduq.
- Hər iki oyun da bir-birinə oxşar alındı. Birinci hissədə komandamız yaxşı oynadı, qol vəziyyətləri yaratdı, amma yararlana bilmədi. Fasilədən sonra isə böyük hesablı məğlubiyyətlə üzləşdi. Bunun səbəbi nədir?
- Mənə elə gəlir ki, bizdə yeganə çatışmayan təcrübədir. Çempionatlarımızın səviyyəsi arasında da böyük fərq var. Yarımfinala çıxmağı çox istəsək də, alınmadı.
- 1/4 finala çıxmağı yığmamız üçün maksimum nəticə saymaq olar?
- Fikrimcə, biz AÇ-dəki çıxışımızı erkən başa vurduq. Rusiyanı keçə bilərdik. Tarix yazmağımızı çox istəyirdim. Alınmadı.
- Rəqib Rusiya yox, Qazaxıstan olsaydı, onları keçə bilərdiniz?
- AÇ-nin son finalçısı zəif rəqib deyil. Fikrimcə, Rusiyaya qarşı sərgilədiyimiz oyunla Qazaxıstanı məğlub edə bilərdik.
- Sirr deyilsə, çempionatın startı ərəfəsində hansı nəticəni arzulayırdınız?
- Belqrada səfər öncəsi heç nə proqnozlaşdırmamışdım. Yalnız bir şeyi istəyirdim - özümü göstərmək. Çünki gənc futbolçuyam.
- Elə isə AÇ-dəki çıxışınızı necə qiymətləndirərdiniz?
- Daha yaxşı çıxış edə bilərdim. Bəzi məqamlar var ki, üzərində daha çox çalışmağım lazımdır. Amma bütövlükdə özümdən söz etdirməyi bacardım. 24 yaşım olsa da, hamıdan çox seyv etdim. Bu, böyük uğurdur.
- Təsadüfən yeni təkliflər almamısınız?
- Xeyr.
- Yığmamızın qarşıdakı hədəfi dünya çempionatının final mərhələsinə vəsiqə qazanmaqdır. Pley-off oyunları öncəsi heyəti gücləndirməyə ehtiyac varmı?
- Bəli, dünya çempionatına vəsiqə qazanmaq bizim əsas istəyimizdir. Dünya çempionatında oynamaq istəyirik. Amma heyətlə bağlı baş məşqçimiz danışa bilər, mən yox.