Elşən Abdullayev: Rəvan göstərdi ki, XL-ə zəif rəqib gözüylə baxmaq olmaz
"Neftçi"nin yarımmüdafiəçisi Elşən Abdullayev Topaz Premyer Liqasının 20-ci turu çərçivəsində "Rəvan"a qarşı keçirdikləri oyundan (1:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Matçla bağlı nə deyə bilərsiniz?
- Xal itirdiyimizə görə çox məyusam. Fikrimcə, bu nəticə çox adam üçün gözlənilməz oldu. "Rəvan" yaxşı müdafiə olundu. İlk növbədə onu qeyd etmək lazımdır ki, biz ələ düşən şanslardan yaxşı yararlana bilmədik. Ola bilsin ki, rəqibi düzgün qiymətləndirmədik. Bu xal itkisini qarşıdakı turlarda kompensasiya etməliyik.
- Siz son dövrlər həm U-21 yığmamızda, həm də "Neftçi"də özünüzü yaxşı tərəfdən göstərə bilirsiniz. Amma əsas heyətdə möhkəmlənmək mümkün olmur. Bu, nə ilə bağlıdır?
- Bir müddət əvvəl əməliyyat olunmuşdum. Təxminən iki ay ona görə oynamadım. Hələ tam hazır deyiləm. Baş məşqçi Əsgər Abdullayev də məni çox "yükləmək" istəmir. Əvvəlki oyunda 10 dəqiqə oynamışdım, "Rəvan"a qarşı bir hissə oynadım. Mümkündür ki, növbəti turda start heyətdə meydana çıxım.
- "Neftçi"də fərdi cəhətdən fərqlənən oyunçular çox olsa da, hücumlar zamanı qapıya dəqiq zərbə endirərkən problemlər diqqət çəkir...
- Bəlkə də bu, tələskənlikdən irəli gəlir. Həm də "Rəvan" bizimlə oyunda çox yaxşı müdafiə olundu. Belə komandalara qarşı oynamaq həmişə çətin olur.
- Bu oyun sizə AZAL-la qarşılaşmanı (0:1) xatırlatmadı?
- Müəyyən qədər oxşarlıqlar var idi. Amma bu dəfə belə olacağını gözləmrdim. Bütün diqqətimizi qol vurmağa, qələbə qazanmağa yönəltmişdik.
- Bəlkə oyuna həddən artıq arxayın çıxmışdınız?
- Ola bilər. Amma komanda yoldaşlarımın adından danışa bilmərəm. Çünki start heyətdə onlar meydana çıxmışdılar, mən yox. Əlbəttə, "Rəvan"ı düzgün qiymətləndirməyib, xal itirməyimiz mümkündür.
- Qarşıda "Xəzər Lənkəran"la oyun var...
- Ancaq qələbə gözləyirik. Başqa variant yoxdur. Üstəlik, bu komanda bizim prinsipial rəqiblərimizdən biridir. Həm də artıq xal itirmək istəmirik. "Xəzər Lənkəran"ın hazırda heyətinə görə zəif olduğunu deməzdim. "Rəvan" göstərdi ki, hər bir rəqibə hörmətlə yanaşmaq lazımdır.