Əsgər Abdullayev: Bu gün komandamı tanıya bilmədim
5 fevral 2016 20:40
"Neftçi"nin baş məşqçisi Əsgər Abdullayev Topaz Premyer Liqasının 20-ci turu çərçivəsində "Rəvan"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, "ağ-qaralar"ın çalışdırıcısı 1:1 hesabıyla bitən görüşdən sonra bunları söyləyib:
"Futbolçular meydana arxayın çıxmışdılar. Biz onları bu görüşə mümkün qədər yaxşı motivasiya etməyə çalışsaq da, alınmadı. Nəticədə vacib xallar itirdik. Hiss olunur ki, komanda liderlər qrupunda qərarlaşan rəqiblərə qarşı daha yaxşı oynayır. Amma autsayderlərlə görüşə arxayın çıxırlar. Əlbəttə, narazıyam. Bu gün komandamı tanıya bilmədim. Amma bütün bunların günahı bir baş məşqçi kimi mənim üzərimdədir".