Samir Abasov: Sumqayıt Zirədən zəif deyil
"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasının 20-ci turu çərçivəsində "Zirə"yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Komanda pis vəziyyətdədir. Heç kimə belə vəziyyətə düşməyi arzu etməzdim. Heyətlə bağlı ciddi problemlərimiz var. Qarşıdakı oyunda əsas heyətin beş futbolçusunun xidmətindən istifadə edə bilməyəcəyik. Çox çətin olacaq. Sadəcə, Vaqif Cavadovla Cəmil Hacıyevin oyuna qədər mümkün qədər tez hazır olacağına ümid bəsləyirik. Əks halda ehtiyat oyunçularımıza, hətta əvəzedici heyətin üzvlərinə bel bağlamalı olacağıq. Ümid edirəm ki, bu oyunda doğma meydan amili bizim köməyimizə çatacaq. Səfərdə gənc oyunçularla nəyəsə nail olmaq daha çətin olardı. "Zirə" ciddi rəqibdir. Amma biz də bütün çətinliklərə baxmayaraq, zəif deyilik".