Maurisio Poçettino: Qarabağ Anderlextdən zəif olmasa da, qələbə üçün gəlmişik
İngiltərənin "Tottenhem" klubunun baş məşqçisi Maurisio Poçettino Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri cavab oyunu ilə bağlı fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Bəzi futbolçularımız evdə qalsa da, biz bu oyunda heç-heçəyə oynamayacağıq. Bu matça ciddi yanaşırıq. Qələbə üçün gəldiyimizi gizlətmirik. Sabah bizi vacib oyun gözləyir. Ən yaxşı futbolçularımızın xidmətindən yararlanmaq istəyirik. O cümlədən də Harri Keynin. Çünki o da bizimlə uzun yol qət edərək buraya gəlib.
İngiltərə Premyer Liqası bizim üçün vacibdir. Ona görə də "Çelsi" ilə vacib görüş öncəsi bəzi futbolçulara istirahət vermişəm. Amma bu, o demək deyil ki, "Qarabağ"la görüş bizim üçün önəmli deyil. Bizim öz mentalitetimiz var. Bütün turnirlərdə qələbə qazanmaq istəyirik. Heyətdəki problemlərimizə baxmayaraq, uğurlu nəticə qazanmağa çalışacağıq.
Əsas heyəti indi açıqlamayacağam. "Qarabağ" yaxşı komandadır. Ağdam klubu "Anderlext"dən zəif komanda deyil. Meydan sahiblərinin bizim üçün nə hazırladığını sabah görəcəyik".