Qurban Qurbanov: Tottenhemə qarşı səhvsiz oynamalıyıq
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində İngiltərinin "Tottenhem" klubuna qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bu gün keçirilən mətbuat konfransında bunları söyləyib:
"Çox danışmaq istəmirəm. Yaxşı komandaya qarşı oynayacağıq. Hər iki komanda üçün vacib oyundur. Səhvsiz oynamaq lazımdır. Hər bir futbolçu hansı məsuliyyəti daşıdığını bilir. Tələbkarlıq çox yüksək səviyyədədir.
Rəqibin hansı heyətlə oynayacağını bilmirik. Onların elə futbolçuları var ki, əsas heyətə düşmək üçün şans gözləyir, özünü yaxşı tərəfdən göstərmək istəyir. Deməli, bizə daha çətin olacaq".
Qurbanov bildirib ki, zədəli Rəşad Sadıqovun oynamaq ehtimalı böyükdür: "Hər şeyə sabahkı tibbi müayinədən sonra aydınlıq gələcək".