Mahir Mədətov: Söz verirəm ki, bir daha belə hal təkrarlanmayacaq
"Qarabağ"ın yarımmüdafiəçisi Mahir Mədətov Avropa Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində İngiltərə "Tottenhem"inə qarşı keçiriləcək oyunla bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Şübhəsiz ki, çətin oyun olacaq. Xüsusilə də bizim üçün. Bizə bu görüşdə mütləq qələbə qazanmaq lazımdır. Allah eləsin ki, "Tottenhem"ə qarşı öz oyunumu və "Qarabağ"ın əsl gücünü göstərə bilək".
Mədətov bir müddət öncə yığmamızın heyətindən intizamsızlığa görə uzaqlaşdırılmasına da münasibət bildirib: "Biz bu məsələni hələ baş məşqçi Qurban Qurbanovla müzakirə etməmişik. Heç bu barədə söhbətin olub-olmayacağını da bilmirəm. Yəqin o özü də bilir ki, mən öz səhvimi etiraf edirəm. Belə bir hal bir daha təkrarlanmayacaq. Düzünü deyim ki, hər şeyin belə nəticələnəcəyini düşünməmişdim. Görünür, gənc olduğum üçün belə hal baş verdi. İlk dəfə bu cür səhvə yol verirəm. Gələcəkdə komandama faydalı olmaq üçün əlimdən gələni edəcəyəm. Həm meydanda, həm də meydandan kənarda nümunəvi futbolçu olmağa çalışacağam. Buna söz verirəm. Qurban Qurbanova, "Qarabağ"a hədsiz hörmətim var".