Böyükağa Hacıyev: Millimiz Bolqarıstana qalib gəlsə belə heç nə dəyişməyəcək
Məşqçilər Şurasının üzvü, "Neftçi"nin sabiq baş məşqçisi Böyükağa Hacıyev azerisport.az saytına müsahibəsində Azərbaycan millisinin AÇ-2016-nın seçmə mərhələsindəki son oyunundan danışıb. Hacıyevin fikrincə, Robert Prosineçkinin komandasının səfərdən 3 xalla qayıtması real görünür:
"Öncə İtaliya ilə oyun haqda danışmaq istərdim. Millimizdə istək var idi. Berti Foqtsun dövrüylə müqayisə etsəm yığma yaxşı oynadı, hətta qol da vurdu. Amma müqayisəsiz demək olar ki, çoxlu səhvlər etdik. İtaliya bütün gücüylə oynamasa belə layiqli qələbə qazandı. Etiraf etmək lazımdır ki, biz iki dəfə onlardan zəif komandayıq. Bununla belə ikinci hissədə İtaliya üçün o qədər də həyəcanlı hücum yaratmadıq. Bolqarıstanla oyuna gəldikdə bu görüş hər iki tərəf üçün formal oyundur. Millimiz qələbə qazana bilər, amma bu uğur heç nəyi dəyişməyəcək. Yalnız yeni seçmə mərhələ üçün motivasiya ola bilər".
Böyükağa Hacıyev hazırda Bolqarıstan millisinin çətin günlər yaşadığını bildirib: "Bolqarıstan millisi əvvəlki komanda deyil. Vaxt var idi bu komandada Xristo Stoiçkov kimi futbolçu çıxış edirdi. İndi isə onlar problemlər içərisindədir. Mənim fikrimcə görüş heç-heçə başa çatacaq. Lakin millimiz əzmkarlıq sayəsində 3 xal qazana bilər. Qələbə qazanmağımız real görünür. Sadəcə bu qələbə bizə yalnız qrupda 4-cü yer tutmağa imkan verəcək. Seçmə mərhələdə nəticə qazanmaq istəyirsənsə gərək əvvəldən xal əldə edəsən. Son oyunlar o qədər prinsipial olmur".
Məşqçi U-21-in Avstriya komandasına 0-7 hesabıyla uduzmasında təkcə baş məşqçi Yaşar Vahabzadə deyil, futbolçuların da günahkar olduğunu söylədi: "Gənclərdən ibarət komandanın belə hesabla uduzması hər birimizə təsir edir. Bu məğlubiyyətdə bütün komanda günahkardı. Futbolçuların səviyyəsi, oynamaq bacarığı məğlubiyyətdə əsas səbəblərdən olub. Məşqçilər korpusuda günahkardı. Lakin təkcə Vahabzadəni günahkar çıxarmaq düzgün deyil. U-21-in hansı vəziyyətdə olması hamıya məlumdur. Uzun illər bu komanda düzəlmir, nəticə vermir. İslahatlara və zamana ehtiyac var. Elə problemləri tezliklə həll etmək mümkün deyil".
Acınacaqlı məğlubiyyətdən sonra Yaşar Vahabzadənin istefa verməyinin tərəfdarı olmadığını söyləyən Hacıyev məsələni belə izah etdi: "Bu komandaya kimi istəyirsiniz baş məşqçi təyin edək nəticə dəyişməyəcək. Vahabzadənin yerinə digər olsun, möcüzə etmək məşqçinin işi deyil. U-21 hər seçmə mərhələdə məğlub olur, bu problemin kökünü axtarmaq lazımdır. Məşqçi dəyişikliyi ilə yığma düzəlsəydi onda biz çoxdan uğur qazanmışdıq. Hər zaman söyləmişəm U-21-i Yaşar Vahabzadəylə Babək Alxasovdan yaxşı tanıyan yoxdur. Onlardan başqası gəlsə belə ciddi dəyişiklik olmayacaq. Yəqin, seçmə mərhələdən sonra hesabat verəcəklər, o zaman məsələ araşdırılacaq".