Emin İmaməliyev: Millimiz İtaliyaya qalib də gələ bilər
Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi Emin İmaməliyev AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində İtaliyaya qarşı oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"İtaliyanın həmişə güclü yığma komandası olub. Onlara qarşı oynamaq çətindir. 13 il öncə bu komanda ilə qarşılaşanda heyətlərində çoxlu ulduz futbolçu var idi. İndi isə ulduz futbolçular elə də çox deyil. Belə rəqiblə başabaş oynamaq olar. Ən azı heç-heçə gözləyirəm. Hələ Palermodakı oyun da (1:2) göstərdi ki, İtaliyaya qarşı oynaya bilərik. Özü də həmin oyun Berti Foqtsun dövrünə təsadüf etmişdi. Geridə qalan dövrdə yığmamız daha da güclənib. İndi iki klubumuz - "Qarabağ"la "Qəbələ" Avropa Liqasının qrup mərhələsində çıxış edir. Millimiz İtaliyaya hətta qalib də gələ bilər. İnanmaq istərdim ki, Olimpiya stadionu yığma komandamız üçün düşərli arena olacaq".