Dmitri Kramaranko İtaliya ilə 13 il öncəki oyunu xatırladı
Azərbaycan yığmasının sabiq qapıçısı Dmitri Kramarenko 13 il öncə İtaliyaya qarşı Bakıda keçirilmiş oyundan (0:2) danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Həmin oyundan artıq 13 il keçib. Amma elə bil ki, həmin görüş dünən olmuşdu. Zaman elə sürətlə keçir ki. Del Pyeronun cərimə zərbəsindən vurduğu qol uzun müddət yadımdan çıxmadı. Amma belə möhtəşəm futbolçudan elə qol buraxmaqda təəccüblü nəsə yox idi. İndiki İtaliya yığmasını həmin komanda ilə müqayisə etsək, qeyd edə bilərəm ki, o dövrdə heyətdə ulduz futbolçuların sayı çox idi. İki ay öncə həmin qarşılaşmanın videoyazısına baxmışdım. Samir Əliyev həmin qarşılaşmada əla oyun keçirmişdi. Bütövlükdə, komandamız heç də müdafiə futbolu sərgiləməmişdi. Adlı-sanlı rəqibə qarşı layiqli müqavimət göstərmişdik. Millimizi bu dəfə maraqlı oyun gözləyir. Yeni stadionda, böyük azarkeş ordusu qarşısında oynayacağıq. Uşaqlar bu matçın önəmini başa düşürlər. Əminəm ki, 200 faiz güc sərf edəcəklər ki, layiqli oyun sərgiləyib, yaxşı nəticə qazansınlar".