Qurban Qurbanov: Qarabağ öz istəyi və azarkeşlərin dəstəyi ilə qələbə qazanır
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində Belçikanın "Anderlext" klubuna qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 1:0 hesabıyla qalib gəldikləri qarşılaşmadan sonra bunları söyləyib:
"Azarkeşlərə təşəkkürümü bildirirəm. Hamını qələbə münasibətilə təbrik edirəm. Biz bu gün vacib üç xal qazandıq. Amma rəqibimiz çox güclü komanda idi. Futbolçularımızın oyunundan razıyam"
"İbrahim Şehiçə çox təzyiq göstərilməsini istəməzdim. Hər kəsin səhvləri olur. Amma biz ona inanırıq. Həm də o, bu gün bir neçə dəfə komandamızı qoldan xilas etdi".
Qurbanovun sözlərinə görə, rəqib fiziki cəhətdən çox güclü idi: "Anderlext" öz oyununu sərgiləməyə çalışırdı. Amma biz onlara mane olmağa çalışırdıq. Nə qədər çətin olsa da, 90 dəqiqə ərzində onlarla sonadək bərabər səviyyədə oynamağa gücümüz çatdı. Matçın sonları komandamız üçün daha çətin keçdi".
"Rəqiblərimizin hamısı bizdən güclüdür. Amma biz öz istəyimizlə, azarkeşlərimizin dəstəyi sayəsində nəticə qazanırıq. Komanda olaraq daha da inkişaf etməyimiz lazımdır. Öz üzərimizdə çalışmalıyıq. Standart vəziyyətlərlə bağlı problemlərimiz var. Sadəcə, biz futbolçuların fiziki durumunun imkan verdiyi qədər oynamağa çalışırıq".
Qurbanov matçın keçirildiyi Tofiq Bəhramov adına Respublika stadionunun qazonu haqda da danışıb: "Bu gün qazon "Yanq Boyz"a qarşı keçirdiyimiz ev oyunu ilə müqayisədə daha yaxşı idi".