Vüqar Nadirov: Modriç və Rakitiçin də iki əli, ayağı var, bizim də
Azərbaycan yığmasının və "Xəzər Lənkəran"ın hücumçusu Vüqar Nadirovun azerisport.az saytına müsahibəsi
- Millinin məşqləri necə keçir?
- Prinsipcə, yenilik yoxdur. Hər şey əvvəlki kimidir. Avqustun 24-dən millinin düşərgəsindəyəm. Ötən gün digər futbolçular da komandaya qoşuldular. Hazırlıq yaxşı keçir. Həm fiziki, həm də texniki hazırlığa diqqət yetiririk.
- AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində səfərdə 0:6 hesabıyla uduzduğunuz Xorvatiya ilə Bakıdakı görüşdən nə gözləyirsiniz?
- Revanş almaq istəyirik. Əlbəttə, altı qolun əvəzini çıxmaq çətin olacaq. Amma yaxşı nəticəyə nail ola bilərik.
- İspaniyanın "Real" və "Barselona" klublarında top qovan Modriçlə Rakitimin qarşısını ala biləcək futbolçularımız var?
- Hər ikisi güclü futbolçudur. Amma meydanda hər şey ola bilər. Futbol sürprizləri ilə gözəldir. Niyə biz də sürprizə imza atmayaq? Bizim də onlar kimi iki əlimiz, iki ayağımız var.
- Sadəcə, onların ayaqları daha sürətli və ağıllıdır...
- Bakıdakı oyunda biz də onlardan sürətdə geri qalmamağa çalışacağıq.
- Vaqif Cavadovun "Xəzər Lənkəran"ı "Qəbələ"yə dəyişməsi sizin üçün də gözlənilməz oldu?
- Doğrudan da bu, mənim üçün sürpriz oldu. Vaqifə uğurlar arzulayıram. Onu "Qəbələ"nin heyətində Avropa Liqasının qrup oyunları gözləyir. Ona da, yeni komandasına da yaxşı nəticələr arzulayıram.
- "Xəzər Lənkəran" üçün bu, itki sayıla bilər?
- Əlbəttə, itkidir. O, komandamıza kömək edə bilərdi. Amma bir halda ki, onu buraxıblar, deməli, belə lazım imiş.