Fotoreportaj|Video|На русском

Futbol

Qəbələnin rəqiblərini daha yaxından tanıyaq

29 avqust 2015 00:20

UEFA Avropa Liqasının qrup mərhələsinin Monakoda baş tutan püşkatmasının nəticələrinə əsasən “Qəbələ” C qrupunda “Borussiya” (Dortmund, Almaniya), PAOK (Yunanıstan) və “Krasnodar” (Rusiya) klubları ilə mübarizə aparacaq. Azerisport.az bu komandaları sizlərlə tanış edir.

“Borussiya” (Dortmund, Almaniya)
Əsası 1909-ci il dekabrın 19-da qoyulan komanda ölkəsinin ən titullu klublarından biridir. 1913-cü ildən “qara-sarı” rənglərə sadiq olan Dortmund təmsilçisi ilk vaxtlar bölgə çempionatlarında çıxış edib və həmin dövrdən “Şalke” ilə əbədi rəqabəti başlayıb. Müxtəlif turnirlərdə qələbələr qazanan komanda ilk Almaniya çempionluğunu 1956-cı ildə qazanıb. 1957 və 1963-cü illərdə də əldə olunan uğurlar Bundesliqa yaranmazdan əvvəlki dövrə təsadüf edib. 1963-cü ildə əsası qoyulan peşəkar Bundesliqada isə 5 dəfə qızıl medallar Dortmund təmsilçisinə nəsib olub – 1995, 1996, 2002, 2011, 2012.

Ümumilikdə 8 qızıl medala yiyələnən rəqibimiz 6 gümüş və 5 bürüncə də sahib olub. 1965, 1989 və 2012-ci illərdə Almaniya kubokuna yiyələn “qara-sarılar” 4 dəfə də finalda uduzub. 8 dəfə Superkubok uğrunda mübarizə aparan dortmundlular bunların 6-da qələbə qazanıb.

Ümumiyyətlə, klubun tarixinə nəzər salsaq, ötən əsrin 90-cı illəri və son zamanları əhatə edən dövrü “Borussiya” üçün yüksəliş zamanı olub. Ottmar Hitsfeldin baş məşqçi təyin olunmasından sonra çiçəklənmə dövrü yaşayan “Borussiya” ilk mövsümdə Bundesliqanın 2-cisi olub. 1993-cü ildə UEFA kubokunun finalına yüksəlib. 1995, 1996-cı illərdə ölkə çempionluğu, 1997-ci ildə yeganə Çempionlar Liqası kuboku qazanılıb. Bununla da 1966-cı ildə Kuboklar Kubokuna sahib çıxan klub ikinci qitə miqyaslı mükafatını əldə edib. Komandanın ulduzu Matias Zammer isə Avropanın ən yaxşı futbolçusu seçilib. Klub tarixinin ən böyük uğurundan sonra Hitsfeld postundan ayrılsa da, komanda uğurunu Qitələrarası kubokda da davam etdirib. 2002-ci ildə isə artıq Zammerin baş məşqçiliyi ilə çempionluq qazanılıb. Uzun illərdir 81359 tamaşaçı tutan “Siqnal İduna Park”a toplaşan azarkeş sayı ilə Avropada rekordlar müəyyənləşdirən “Borussiya”nın növbəti yüksəlişi son 5-6 ilə təsadüf edib. Yurgen Kloppun formalaşdırdığı heyət iki çempionluq, iki vitse-çempionluq və 2013-cü ildə Çempionlar Liqasının finalına qədər irəliləyib. Ötən mövsüm Bundesliqaya uğursuz başlayıb, hətta aşağı dəstəyə yuvarlanmaq təhlükəsi də yaşayan komanda sonda 7-ci yerlə Avropa Liqasına yüksəlib. Tomas Tuxelin baş məşqçisi olduğu komanda bu yarışda III təsnifat mərhələsindən başlayıb, Avstriya “Volfsberq”i (1:0, 5:0) və Norveç “Odd”unu (4:3, 7:2) mübarizədən kənarlaşdırıb. Dortmundlular qalib gəlməklə yanaşı, əvvəl turnirin təsnifat mərhələləri, sonra pley-offu üçün azarkeş sayında yeni rekordlar müəyyənləşdirib.

PAOK (Yunanıstan)
Saloniki şəhərini təmsil edən komanda 1926-cı ildə yaradılıb. 28703 tamaşaçı tutumuna malik “Tumba” stadionunda çıxış edən PAOK ilk uğurunu 11 il gözləyib. 1937-ci ildə ölkə çempionatının gümüşünü qazanan rəqibimiz 3 il sonra bu uğuru təkrarlayıb, 1939-cu ildə isə kubokun finalınadək irəliləyib. 1951 və 1955-ci illərdə də kubok qazanmaq imkanının həlledici qarşılaşmada əldən verən Saloniki təmsilçisinin qızıl dövrü ötən əsrin 70-ci illərinə təsadüf edib. Yunan futbolunun məşhur simalarının yer aldığı komanda uğurlarının çoxunu həmin heyətlə əldə edib. 1972-ci ildə ilk titulunu qazanıb, Yunanıstan kubokuna yiyələnən PAOK iki ildən sonra bu nailiyyətini təkrarlayıb. 1971-ci ildə isə finalda uduzan rəqibimiz 1973-də həm kubok, həm çempionatda ikinci olub. 41 il əvvəl Kuboklar Kubokunun 1/4 finalınadək irəliləyən salonikililər avrokuboklar tarixində özünün ən yaxşı nəticəsinə imza atıb. PAOK həmin nəticəsini hələ də təkrarlaya bilməyib. 1976-cı ildə ilk dəfə Superliqanın çempionu tituluna sahib çıxan PAOK 2 il sonra gümüşlə kifayətlənib. 1978-ci ildə də çempionatın ikincisi olan salonikililər 1977, 1978, 1981, 1983, 1985-ci illərdə kubokun finalında uduzub. 30 il öncə klub tarixinin ikinci və sonuncu çempionluğunu bayram edib. Əsasən “Olimpiakos” və “Panatinaikos”un kölgəsində qalan PAOK növbəti titulunu 16 il gözləyib. 2001 və 2003-cü illərdə kubok qazanmaqla bu mükafatın 4 qat qalibi olan rəqibimiz 1992 və 2014-cü ildə finaladək irəliləyib. 2010 və 2013-cü illərdə Superliqada daha iki dəfə gümüş medal qazanmağı bacaran PAOK ötən mövsüm çempionatı 5-ci pillədə başa vurub. Bunun sayəsində Avropa Liqasına yüksələn komanda II təsnifat mərhələsindən mübarizəyə qoşulub. Baş məşqçi İqor Tudorun yetirmələri qrupa vəsiqə qazanana qədər Xorvatiya “Lokomotiv”i (1:2, 6:0), ardınca Slovakiya “Spartak”ı (1:0, 1:1) və Danimarka “Brondbü”sünü (5:0, 1:1) mübarizədən kənarlaşdırıb.

“Krasnodar” (Rusiya)
2008-ci il fevralın 22-də yaranan komanda C qrupunun ən gənc klubu olsa da, artıq kifayət qədər avrokubok təcrübəsinə malikdir. Tarixinin ilk mövsümündə II divizionda çıxış etdiyi zonada 3-cü olan Krasnodarın eyniadlı təmsilçisi liderdən 11 xal geri qalıb. Lakin bəzi komandaların çempionata qatılmaqdan imtinası gənc kollektivin artıq 2009-cu ildə I divizionda oynamasına şərait yaradıb. İlk cəhddə 10-cu, növbəti il 5-ci olan “Krasnodar” Premyer Liqa arzusunu gerçəkləşdirmək üçün əcnəbi mütəxəssisisə ehtiyac duyub. Bu üzdən serbiyalı Slavolyub Muslinlə anlaşılıb. Onun qarşısına Premyer Liqaya vəsiqə qazanmaq vəzifəsi qoyulsa da, komanda növbəti dəfə oynamadan yüksək dəstəyə keçib. İki klubun Premyer Liqada çıxışını dayandırması krasnodarlılar üçün şans yaradıb. Nəticədə onlar 2011-ci ildə elitada debüt edib. 2011/12 mövsümündə 9-cu, 2012/13 mövsümündə 10-cu olan klub Premyer Liqanın ortababına çevrilib. Bununla kifayətlənməyən rəhbərlik Muslini istefaya göndərib, Oleq Kokonovla anlaşıb. 2013/14 mövsümündə 5-ci olan komanda kubokun finalınadək irəliləyib. Onlar həlledici qarşılaşmada “Rostov”a penaltilər seriyasında uduzub. Avropa Liqasında debüt şansı qazanan komanda İspaniya “Real-Sosyedad”ı kimi rəqibi də mübarizədən kənarlaşdırıb qrup mərhələsinədək irəliləyib. Burada isə “Krasnodar” 3-cü olub. 2014/15 mövsümündə Premyer Liqanı da 3-cü yerdə tamamlayan Kononovun yetirmələri çempionatda ilk medalına sahib çıxıb. Yenidən Avropa Liqasına yüksələn krasnodarlılar ikinci dəfə çıxış edəcəyi qrup mərhələsinədək Slovakiya “Slovan”ı (2:0, 3:3) və Finlandiya HİK-inə (5:1, 0:0) qalib gəlib. İnşa olunan yeni stadionunda tamamlama işləri aparılan klub yarandığı gündən ev oyunlarını şəhərin digər arenası - 35200 tamaşaçı tutumuna malik “Kuban”da keçirir. (klub saytı)

Другие новости этого раздела

5 oktyabr13:23 Həsrət Cəfərov: Finalda bilmədim mənə nə oldu. Sona yaxın tamam «tutuldum»3 oktyabr18:56 Sənan Süleymanov: Erməni dünya və Avropa çempionu ilə fərqi 4:1 etdim2 oktyabr16:01 Paris-2024-ə lisenziya qazanan boksçumuz: "Olimpiadada əsas iştirakdır" şüarını qəbul etmirəm15:35 Rüstəm Orucovdan erməni idmançıya tutarlı cavab18 aprel15:59 “Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti4 aprel19:19 Xarici bukmeker kontorlarının yalanı1 iyun16:06 BŞ-in əlavəsini yüklə (Android, iOS). Təlimat12 fevral14:02 Nikola Yurçeviç мətbuat konfransı keçirib9 noyabr15:01 TOPAZ: Hannover arzuolunmaz rəqibinə qarşı8 oktyabr11:31 «TOPAZ»da bu gün: Saraqosa 6 illik “tilsimi” qıra biləcəkmi?5 oktyabr11:02 «TOPAZ»da bu gün: Bask derbisi və daha 147 oyun3 oktyabr12:10 «Topaz»dan daha bir lotoreya: «Hyundai Accent» udmaq şansını qaçırma!4 sentyabr15:54 Аrif Abdullayev: İndi də Rusiya və bəzi başqa ölkələrin çempionatlarında afişa kimi bu fəndimin şəklindən istifadə olunur22 mart17:58 Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim7 mart15:04 AFFA-nın XXV növbəti Konfransı keçirilib9 fevral11:10 Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox1 fevral11:46 Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim22 sentyabr18:01 «Qara Bazara» son zərbə12 yanvar18:10 İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim17:50 Reytinq cədvəli açıqlanıb10 yanvar16:19 Qarabağa yeni futbolçu qoşuldu13:15 İqnasio Herrera komandaya qoşuldu12:08 Azərbaycan - Almaniya: Biletlərin onlayn satışı başladı11:41 Bakı sakini Topazda 250 000 manat uddu 11:35 İbrahim Şehiç: Ötən il mənim həyatımda ən uğurlu il oldu11:10 Təbriz Həsənov: Futbolda belə nəticələrlə qarşılaşmaq mümkündür9 yanvar15:13 Yığmamız özünə iki rəqib tapdı14:46 Elxan Abdullayev: Komanda yaxşı təsir bağışladı14:43 Elşən Abdullayev: Əsas heyətə düşmək özümdən asılıdır14:33 Ştutqart və Feyenoord-un futbolçuları Azərbaycan yığmasında14:01 Dilarə Əhmədova: Veteran futbolçuların təcrübəsindən yararlanmalıyıq23 dekabr17:43 Vəsait Xəzər Lənkəran klubunun hesabına köçürülüb15:13 Güləşçilərimiz 2016-cı il ərzində 62 qızıl, 61 gümüş, 132 bürünc medal qazanıb13:12 Kamran Quliyev Klublar Komitəsinin sədri seçilib00:44 «Şans qazanmağım mənim üçün gözlənilməz deyildi»22 dekabr14:31 Millimiz ili 90-cı pillədə başa vurdu13:18 Qarabağ klubu məşqçisinə görə cəzalandırılıb12:35 İnter PİK-in yeni prezidenti10:38 Asif Məmmədov: Qol vəziyyətlərindən istifadənin aşağı düşməsi əsasən son matçlarda daha qabarıq hiss olunur21 dekabr21:00 Zirədən Neftçi üzərində işə yaramayan qələbə 
Arxiv
AFFA
Neftchi fan shop
Sabah