Aleksey Antonov: Mənim oyunuma jurnalistlər yox, məşqçilər qiymət versinlər
"Qəbələ"nin hücumçusu Aleksey Antonov Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Yunanıstanın "Panatinaikos" klubuna qarşı keçirilmiş ilk oyundan (0:0) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Oyun barədə nə deyə bilərsiniz?
- Ağır oyun alındı. Yaxşı rəqibə qarşı oynadıq. Başqa heç nə əlavə edə bilmərəm.
- Komandanız niyə ondan gözlənilən futbolu sərgiləyə bilmədi?
- Biz rəqiblə yaxşı bacardıq. Deməzdim ki, bizə lazım olan futbolu sərgiləyə bilmədik. Mənə elə gəlir ki, yaxşı oynadıq.
- Bəs qələbə qazanmağınıza nə mane oldu?
- Müəyyən mənada qol vəziyyətlərindən yaxşı yararlana bilməməyimiz sözünü dedi. Digər tərəfdən qazonun vəziyyəti də yaxşı deyildi.
- Bu gün sizin oyununuzun alınmaması da qazonla əlaqədar idi?
- Siz mənim pis oynadığımı düşünürsünüz?
- Əksəriyyət belə fikirdədir...
- Qoy mənim oyunumu jurnalistlər yox, məşqçilər qiymətləndirsinlər.
- Bu nəticə cavab matçı öncəsi yaxşı sonluğa ümid verir?
- Bildiyiniz kimi, cavab oyunundan öncə bizi çempionatda "Kəpəz"lə görüş gözləyir. Öncə Premyer Liqaya köklənməliyik. Çünki ölkə çempionatında da yüksək hədəflərimiz var. Yalnız ondan sonra yunanlarla cavab görüşü barədə düşünə bilərik.
- Belə oyunla "Panatinaikos"u keçmək olar?
- İlk oyunu unutmaq lazımdır. Səhvlərimizi aradan qaldıraraq, cavab görüşünə ən yaxşı şəkildə hazırlaşmalıyıq.