Seltik mərkəzi arena ilə bağlı Bakıdan xəbər gözləyir
Məlum olduğu kimi, avqustun 5-də UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan çempionu "Qarabağ"la Şotlandiya "Seltik"i arasında cavab oyunu keçiriləcək. Azerisport.az xəbər verir ki, matçın baş tutacağı arenanın qazonundakı problemin aradan qaldırılması yönündə təxirəsalınmaz tədbirlər davam etdirilir.
Qazonla bağlı belə bir problemin mövcudluğunu artıq "Seltik"in düşərgəsində də bilirlər. Klubun mətbuat xidmətindən Britaniya mətbuatına verilən məlumata görə, onlar hazırda Bakıdan yeni məlumat gözləyirlər:
"Belə bir problemin mövcudluğundan xəbərimiz var. Hazırda biz meydançanın qənaətbəxş vəziyyətə gətirilməsi ilə bağlı müsbət xəbər gözləyirik".
Britaniya mətbuatı da "Qarabağ"ın ehtiyat stadion kimi "Bakcell Arena"nı sifariş etdiyini, amma bu arenada da oynamağın mümkünsüzlüyünü vurğulayıb. Çünki avqustun 5-də Avropa Liqasındakı təmsilçimiz "Qəbələ" "Bakcell Arena"da oyuna çıxacaq. Belədə, Ağdam klubu hətta "Bakcell Arena"da oynamalı olsa belə, matç ərəfəsində komandalar bu stadionda məşqə çıxa bilməyəcəklər. Bu üzdən də qarşılaşmanın elə mərkəzi arenada oynaması daha real görünür.
UEFA-dan isə BBC-yə bildiriblər ki, hazırda onlar vəziyyəti öyrənməklə məşğuldurlar.