Qarabağın rəqibi Şotlandiya çempionatına qələbə ilə başladı
1 avqust 2015 19:30
Futbol üzrə Şotlandiya çempionatında yeni mövsümə start verilib. Azerisport.az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ"ın UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsindəki rəqibi - "Seltik" də yeni mövsümdə ilk matçına çıxıb.
Qlazqo təmsilçisi doğma meydanda "Ross Kaunti" klubu ilə qarşılaşıb. "Qarabağ"ın rəqibi bu oyunda 2:0 hesabıyla üstün olub. Qolları 4-cü dəqiqədə penaltidən fərqlənən Ley Qriffitslə 35-ci dəqiqədə Stefan Yohanssen vurub.
Qeyd edək ki, "Seltik" "Qarabağ"a da ev oyununda 1:0 hesabıyla qalib gəlmişdi. Bu komandalar arasındakı cavab görüşü avqustun 5-də keçiriləcək.