Baxşiyev: Apollonun zəif cəhətləri var və Qriqorçuk bunları mütləq nəzərə alacaq
"Qəbələ"nin məşqçisi Elmar Baxşiyev komandanın Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Kipr "Apollon"una qarşı keçirdiyi səfər oyunundan (1:1) danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Oyun "Qəbələ"nin üstünlüyü şəraitində keçdi. Komanda biz gözlədiyimizdən də yaxşı oynadı. "Qəbələ" "Apollon"u yaxşı analiz etmişdi. Sadəcə, ələ düşən qol imkanlarından yaxşı yararlana bilmədik".
"Penalti ədalətli qərar idi. Çünki rəqib müdafiəçi Voyislav Stankoviçi sürüyərək yerə yıxdı. O, sanki cüdo fəndi yerinə yetirirdi. Hakim yaxınlıqda idi və qərarı verməklə bağlı heç bir tərəddüd göstərmədiyi hiss olunurdu. Cavid Hüseynovun jestinə gəlincə, əlbəttə, onu göstərməsəydi, yaxşı olardı. Onsuz da penaltini qola çevirməsi kiprli fanatlara cavab idi. Sadəcə, emosiyalarına sahib çıxa bilmədi".
"Bakıdakı oyun ilk matçla müqayisədə daha çətin olacaq. "Apollon" sürətli komandadır. Onlar müdafiədən hücuma çox tez keçə bilirlər. "Qəbələ" üçün cavab matçında əsas üstünlük azarkeş ordusu olmalıdır. İlk oyun göstərdi ki, rəqibin zəif cəhətləri var. Baş məşqçi Roman Qriqorçuk səfər matçını da yaxşıca analiz edib, futbolçulara lazım olan göstərişləri verəcək. Allah eləsin ki, "Qəbələ" evdə baxımlı futbol sərgiləyib, növbəti mərhələyə vəsiqə qazanacaq və yeni tarix yazacaq".