Apollonun forvardı: Qəbələ Apollonu keçə bilməsə, bu, onlar üçün uğursuzluq olacaq
Kiprin "Apollon" klubunun hücumçusu Georgios Kolokudias Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Düzünü deyim ki, "Qəbələ"nin bu mövsüm keçirdiyi avrokubok oyunlarına baxmamışam. Rəqibin oyununa baxmağı xoşlamıram. Çünki bu işi məşqçilərimiz görürlər və bizə rəqib barədə lazım olan məlumatları verirlər. "Qəbələ"nin ilk iki mərhələdə səfərdə uduzduğu halda ev oyununda vəziyyəti xeyrinə dəyişdiyini bilirəm. Amma buna görə rəqibdən çəkindiyimizi deməzdim. Belə bir statistika mənə maraqlı deyil. Komandaların şansları bərabərdir. "Qəbələ" üzərində daha böyük təzyiq olduğunu düşünürəm. Çünki onlar heç vaxt avrokubokların qrup mərhələsində oynamayıblar. Biz isə son iki mövsümdə qrup mərhələsində çıxış etmişik. Hazırda hər iki klub qrup mərhələsinə vəsiqə qazanmaq istəyir. Amma məncə, sizin klub bunu bizdən də çox arzulayır. "Qəbələ" bizi keçməsə, bu, onlar üçün uğursuzluq olacaq. Biz də həm ev, həm də səfər oyununda qələbə qazanmaq istəyirik".