Stepan Polyak: Simurq pulumu verməsə, FİFA-ya şikayət edəcəyəm
"Simurq"un yarımmüdafiəçisi Stepan Polyakın azerisport.az saytına müsahibəsi
- "Sumqayıt"a məğlubiyyətinizə nə səbəb oldu?
- Heç mən də bilmirəm. Birinci hissədə 2-3 yaxşı qol vəziyyətimiz oldu. Amma onları dəyərləndirə bilmədik. Fasilədən sonra isə istədiyimiz kimi oynaya bilmədik. Ona görə də uduzduq.
- Son dövrlər çox az oynamağınızın səbəbi nədir?
- Niyəsini bilmirəm. Bunu baş məşqçidən soruşmağınız daha yaxşı olar. Çünki belə məsələlərə o qərar verir.
- Avropa Liqasına vəsiqə qazanmağın artıq bu mövsüm əlçatmaz olduğunu demək olar?
- Bəli. Biz qarşıya qoyulan hədəfə çata bilmədik. Halbuki, avrokuboklara həm kubok, həm də çempionat vasitəsilə vəsiqə əldə edə bilərdik. Təəssüf ki, heç bir alınmadı.
- Qarşıda "İnter"lə oyun var. Motivasiya, hədəf var?
- Üzərimizdə heç bir təzyiq yoxdur. Yaxşı oyun göstərib, qələbə qazanmağa çalışacağıq.
- May ayında "Simurq"la müqavilənizin müddəti başa çatacaq. Qalacaqsınız?
- Hələ heç nə bilmirəm.
- Komandanın hücumçusu Draqan Çeran bəyan edib ki, üç aydır maaşınızı ala bilmirsiniz. Elədir?
- Bəli, təxminən üç ay olar.
- Yəqin ki, son uğursuzluqlar da bundan qaynaqlanır...
- Əlbəttə, bu, problemdir. Oyunlara köklənmək çətin olur. Daim bu barədə düşünmək məcburiyyətində qalırsan. Mövsümün sonuna bir ay qalıb. Ondan sonra evimizə dönəcəyik. "Simurq" qalan pulu verməsə, FİFA-ya şikayət edəyəcəyəm.
- Azərbaycan yığmasının hücumçusu Ruslan Qurbanovun ölkənizin "Hayduk" klubunda çıxış etməsindən xəbəriniz var. Bu Xorvatiya klubunda oynamaq nə dərəcədə çətindir?
- Hazırda bu komandanın vəziyyəti o qədər də yaxşı deyil. Amma hər bir gənc futbolçu üçün "Hayduk"da oynamaq vacibdir.