Bədavi Hüseynov: Neftçi göstərdi ki, nəticəyə oynamağı bacarır
"Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynovun azerisport.az saytına müsahibəsi
- "Neftçi" ilə qarşıdakı oyundan nə gözləyirsiniz?
- Bizim üçün hər bir oyun vacibdir. Eləcə də "Neftçi" ilə qarşılaşma. Biz çox ciddi hazırlaşmışıq. Heç bir arxayınlıqdan söhbət gedə bilməz. Çətin oyun olacaq.
- Bu oyunu "mini-final" saymaq olar?
- Xeyr, mən elə deməzdim. Kubokun finalı tamamilə fərqli oyun olacaq.
- "Simurq"la cavab oyunu barədə nə deyə bilərsiniz?
- Zaqatalada iki ardıcıl oyun keçirdik. Bu rəqiblə görüşlər həmişə bizim üçün çətin olub. Xüsusilə, kubokun cavab oyunu çox ağır alındı. "Simurq" ilk dəqiqələrdən hücuma atılmışdı. Amma xoşbəxtlikdən, heç-heçə sayəsində finala çıxmağı bacardıq. Buna görə də çox şadıq.
- Kuboku qazanmaq şanslarınızı necə qiymətləndirirsiniz?
- Bizi çox çətin final matçı gözləyir. "Neftçi" son iki ildə kuboku qazanan komandadır. Belə vacib oyunda rəqibin daha böyük təcrübəsinin olduğu şübhəsizdir.
- "Simurq" sizinlə oyunda sayılmayan qola görə çox etiraz edir...
- Orada doğrudan da mübahisəli epizod var idi. Amma fikrimcə, hakim düzgün qərar vermişdi. Çünki Samir Zərgərov topa daha öncə toxunmağa çalışır. Qol vurmağa cəhd göstərdiyinə görə, oyundankənar vəziyyətdə olan da məhz o idi.
- "Simurq"un oyunçuları hakimin sizə kömək etdiyini iddia edir...
- Əgər mübahisəli qol epizodunu nəzərə almasaq, hakim oyunu pis idarə etmədi. "Simurq"un oyunçularının bu fikri ilə razı deyiləm. Hakim bizə qətiyyən kömək etmədi.
- Digər yarımfinal oyununda "İnter" cavab görüşündə qalib gəlsə də, finala çıxa bilmədi...
- Düzünü deyim ki, mən "İnter"in finala çıxacağını gözləyirdim. Amma "Neftçi" göstərdi ki, lazım gələndə bu komanda nəticəyə oynaya bilir.