Samir Abasov: Klublarımız bu heyətlə Avropada heç nəyə nail ola bilməyəcək
Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi, "Sumqayıt"ın əvəzedici komandasının baş məşqçisi Samir Abasovun azerisport.az saytına müsahibəsi
- "Qarabağ", "İnter", "Neftçi" və "Qəbələ" böyük ehtimalla növbəti mövsümdə Azərbaycanı avrokuboklarda təmsil edəcək. Sizcə, sözügedən klublar buna layiqdirlər?
- "Qarabağ" şübhəsiz ki, hazırda ölkənin ən yaxşı komandasıdır. "Qəbələ"nin dirçəlişi, "İnter"in sabitliyi də onların Avroliqadakı çıxışına şərait yaradacaq. Həmçinin "Neftçi" də buna layiq olduğunu öz oyunu ilə göstərib. Fikrimcə, hazırda ən layiqli klublarımızdır.
- Bəs "Simurq"la AZAL?
- Çempionatın müəyyən dövrlərində onlar ümidli çıxış etsələr də, davamı gəlmədi. Ümid edirəm ki, bu mövsüm tez başa çatar. Çünki ən mənasız mövsümdür. Bundan sonrakı mövsümlərdə belə olmasını istəməzdim.
- Sizcə, ilk dörd pillədə qərarlaşan klublarımızla Avropada nəyə ümid edə bilərik?
- Ağdamlıların gücü hamıya bəllidir. Digər komandalarla bağlı isə eyni sözü demək olmur. Şəxsən mən düşünürəm ki, bu heyətlə heç nəyə nail ola bilməyəcəklər. Mən müəyyən qədər "İnter"ə ümid edirdim, amma yayda onları da ciddi dəyişikliklər gözləyir. Bütövlükdə, bu klublarımızdan Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmağı gözləmək olmaz. Bu heyətlə uzağa gedə bilməyəcəklər.
- "Qəbələ"nin qələbə seriyası barədə nə deyə bilərsiniz?
- Bu komanda çox dəyişib. Roman Qriqorçuk qısa zaman kəsiyində "Qəbələ"də tipik Ukrayna stilini qura bilib. Oyunçularının ən yaxşı keyfiyyətlərini üzə çıxara bilib. Məsələn, Cavid Hüseynovu götürək. O, indi daha yaxşı oyun sərgiləyir. Amma bu da komandanın Avropa Liqasında uğurlu çıxış etməsi üçün yetərli olmayacaq. Heyəti gücləndirmək lazımdır.
- Bizim futbolçuların Türkiyə PTT 1-ci Liqasında uğursuz çıxış etməsi, ölkəmizə qayıtması barədə nə deyə bilərsiniz?
- Türkiyə PTT 1-ci liqası bizim Premyer Liqamızdan güclüdür. Əgər kimsə qardaş ölkəyə yollanıb, orada asanlıqla uğur qazanacağını düşünürsə, çox yanılır. Türkiyədə oynamaq üçün yerli futbolçulardan bir baş üstün olmaq lazımdır. Türkləri bizim futbolçuların yığmada oynadığını deyən menecerlər aldadırlar. Nəticədə də belə problemlər yaranır və bir müddət sonra futbolçularımız məcbur olub, geri qayıtmalı olurlar.
- Bəs Kamran Ağayev?
- Bu, fərqli nümunədir. Təəssüf ki, ona Azərbaycanda verilən pul səbəbindən o, kənara gedə bilmirdi. Mənim dövrümdə Almaniyadan onun üçün menecer gəlmişdi. Bir sıra klubları təklif etdilər. Əminəm ki, o, indi buna görə çox üzgündür. Hazırda Kamran bizim Türkiyədəki yeganə fəxrimizdir.