Vəli Qasımov: Arif Əsədovu əvəzləyəcəyimdən danışmaq yersizdir
"Neftçi"nin idman direktoru təyin olunan Vəli Qasımovun azerisport.az saytına müsahibəsi
- Təyinatınızla bağlı nə deyə bilərsiniz?
- Demək olar ki, hər şey çox gözlənilməz alındı. Çingiz Abdullayevlə görüşdük və o, mənə belə bir iş təklif etdi. Onun fikirləri xoşuma gəldi.
- İşiniz nədən ibarət olacaq?
- Detallarına qədər danışmamışıq. Amma şübhəsiz ki, idman direktorunun görəcəyi işlərlə məşğul olacağam. "Neftçi" ilə uğur qazanmaq istərdim. Ümid edirəm ki, yeni rəhbərliklə uğurlarımız çox olacaq. Özü də nəinki daxili turnirlərdə, eləcə də avrokuboklarda.
- Bu postda çalışmaq üçün təcrübəniz var? Çətin olmayacaq?
- Təcrübəm kifayət qədərdir. Amma yeni işimdə nələrlə məşğul olacağımı bir daha müzakirə etməyimiz lazımdır. Fikrimcə, hər şey yaxşı olacaq. Problem olmamalıdır.
- Komandada hansı dəyişikliklərə ehtiyac var?
- Dəyişikliklər olacaq. Amma konkretliyinə qədər açıqlaya bilmərəm.
- Bir müddət öncə Pro kateqoriyalı məşqçi kursunu bitirdiniz. Bəs məşqçilik karyeranız necə olacaq?
- Məşqçilik də planlarımda var. Amma hələ yaxın gələcəkdə idman direktoru kimi çalışmalıyam.
- Bizim futbolda belə bir ənənə var ki, idman direktorları istefa verən baş məşqçini əvəzləyir. Siz də "Neftçi"nin sükanı arxasına keçməyə hazırsınız?
- Bu, nə məni, nə də Arif Əsədovu narahat etməlidir. Biz öz işimizlə məşğul olacağıq. Belə fikirlərə yol vermək olmaz.
- Yəni Arif Əsədov istefaya göndərilsə, siz onu əvəzləməyəcəksiniz?
- Arif hazırda komandanın sükanı arxasındadır və uğur qazanmaq üçün əlindən gələni edir. İndi bundan danışmağın qətiyyən yeri yoxdur.
- Nə vaxtsa hansısa yazıçının rəhbərliyi altında çalışacağınızı təsəvvür edirdiniz?
- Gələcəkdə mən öz kitabımı yazmağı planlaşdırıram. Bu yolda məsləhət alacağım insan olacaq. Bu, əsl peşəkardan öyrənmək üçün təsadüfi imkanlardan biridir.