Kamal Quliyev: Maltaya da uduzacağıqsa, Robert Prosineçkini niyə gətirmişik?
Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi Kamal Quliyev AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində baş tutacaq Malta ilə oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
"Bu oyunda qələbə qazanmağa borcluyuq. Azərbaycan futboluna yatırılan investisiyanı nəzərə alsaq, Maltanı çox qabaqlayırıq. Buna görə başqa hədəf ola da bilməz. Mütləq qalib gəlməliyik. Qələbənin 2:0, 3:0, 4:0 olmasının fərqi yoxdur. Qalib gəlmək, ilk xallarımızı qazanmaq lazımdır. Komandamızın rəqibdən güclü olduğunu düşünürəm.
Maltaya qalib gələ bilməsək, Robert Prosineçkini nəyə dəvət etmişik? Ondansa elə özümüz yığmamızı çalışdırardıq. Düzdür, futbolda hər şey olur. Onu da nəzərə almaq lazımdır ki, bizim kimi digər ölkələr də inkişafdadırlar. Fikrimcə, Prosineçkinin işinə elə bu oyundan etibarən qiymət vermək olar. Amma qarşıda daha çətin oyunlar var.
"Neftçi"dən milliyə futbolçu çağırılmamasını bu kluba qarşı ayrıseçkilik hesab etmirəm. Amma bu komanda çempionatın liderləri arasındadır, yaxşı oynayır. Bu üzdən burada milliyə layiq futbolçu tapa bilmədiklərinə inanmağım gəlmir. İstənilən halda bu, baş məşqçinin qərarıdır, ona hörmətlə yanaşmalıyıq.
U-17 yığmamızın baş məşqçisi Mirbağır İsayevin AÇ-nin elit mərhələsindəki uğursuzluqdan sonra istefasına gəlincə, bu, normaldır. Çünki qarşıya qoyulan hədəfə çata bilməyən mütəxəssis getməlidir. İsayev də elə addım atdı. Ona gələcəkdə uğurlar arzulayıram".