Vadim Ağarəhimov: Nikolay Adam bizim qrupdan çıxacağımıza inanır
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının hücumçusu Vadim Ağarəhimovun azerisport.az saytına müsahibəsi
- Almaniya toplanışı necə keçdi?
- Hər şey yaxşı alındı. Demək olar ki, komanda elit mərhələ öncəsi yaxşı vəziyyətdədir. Qarşıdakı oyunlara hazırıq.
- Amma rəqiblər sıradan komandalar deyil - Fransa, İngiltərə, Danimarka...
- Elədir. Amma biz uğur qazanmaq üçün əlimizdən gələni edəcəyik.
- Uğur qazanmaq üçün nə etmək lazımdır?
- Fransa, İngiltərə, Danimarka top komanda hesab olunurlar. Ona görə bu oyunlara ən yaxşı formada hazırlaşmaq lazımdır. Oyuna köklənmə yüksək səviyyədə olmalıdır. Müdafiədən oynayacağıq. Belə rəqiblərlə oyunlarda ancaq əks-hücumlarda uğurlu çıxış etmək sayəsində nəticə qazana bilərik.
- Sizcə, komandamızın AÇ-nin final mərhələsinə çıxması realdır?
- Futbolda hər şey ola bilər. Amma indidən proqnoz vermək çox çətindir. Hər şey öz əlimizdədir. Uğurlu çıxış edəcəyimizə tam əminəm.
- Amma güclü rəqiblərlə oyunlarda buraxacağınız istənilən səhv qolla nəticələnə bilər...
- Buna görə də diqqətli və sakit oynamalıyıq. Baxmayaraq ki, hər oyunda meydana qələbə üçün çıxacağıq. Hər rəqibə qarşı sonadək mübarizə aparacağıq.
- Nikolay Adam elit mərhələ öncəsi sizə nə deyib?
- O, hər məşqdə bizim yaxşı komanda olduğumuzu deyir. Bizim qrupdan çıxacağımıza inanır.
- Ümid edirik ki, siz U-17 kimi elit mərhələni biabırçı nəticələrlə başa vurmayacaqsınız...
- U-17-yə görə çox üzüldüm. Ümid edirəm ki, bizim nəticələrimiz uğurlu olacaq. Azərbaycanda bütün futbol ictimaiyyətini sevindirmək istəyirik.