Kanales: İlk oyunda inamlı qələbə qazanmalıyıq ki, cavab matçında işimiz asan olsun
"Neftçi"nin hücumçusu Nikolas Kanalesin azerisport.az saytına müsahibəsi
- Komanda yoldaşlarınızın əksəriyyəti etiraf edir ki, "Qarabağ" bu mövsüm çempion olacaq. Belə olan halda ölkə kubokunun "Neftçi" üçün daha böyük önəm daşıdığını demək olar?
- Bu turnir bizim üçün çox vacibdir. Əgər çempionatın qalibi ola bilməsək, kuboku qazanmalıyıq. Baxmayaraq ki, bizim çempionatda da öz hədəflərimiz var. Çünki mükafatçılar sırasında yer almaq istəyirik.
- Kubokun 1/4 final mərhələsindəki ilk oyundan nə gözləyirsiniz?
- Bu il onlarla iki oyun keçirmişik, birində uduzmuşuq, digərində qalib gəlmişik. Ciddi rəqibdir. Onlarla görüşə ciddi hazırlaşırıq.
- İlk oyunu öz meydanınızda keçirəcəksiniz. Bu, sizin üçün üstünlükdür?
- Cütün taleyini ilk oyunda həll etməliyik. İnamlı qələbə qazanmağımız lazımdır ki, cavab görüşündə problem olmasın.
- AZAL-la oyunların çox olması sizi bezdirməyəcək?
- Düzünü desəm, eyni rəqiblə çox oynamaq yorucu olar. Amma heç nə etmək olmaz. Oynamaq lazımdır.
- Yeni ilə yaxşı başlamısınız. Kanalesin geri döndüyünü demək olar?
- Mövsümün əvvəlindən geri dönmüşəm. Əgər az oynayıb, qol vurmamışamsa, deməli, baş məşqçi məni meydana buraxmırdı. Mən həmişə komandama kömək etməyə hazıram.
- İstənilən halda, son iki oyunda vurduğunuz qollarla "Neftçi"yə 6 xal qazandırmısınız...
- Əgər oynasam, qol vurmağa davam edəcəyəm.