Ruslan Qurbanov: Böyük oyunu Elvin Əsgərov idarə etməməliydi
"Neftçi"nin hücumçusu Ruslan Qurbanov Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində "Xəzər Lənkəran"a qarşı keçirilmiş oyundan danışıb. Azerisport.az saytına müsahibəsində o, 2:2 hesablı heç-heçəni belə şərh edib:
"Yaxşı oyun alındı. Amma fikrimcə, Böyük oyuna belə bir hakim seçilməməliydi. Elvin Əsgərov bu oyunu idarə etməməliydi. Çoxlu səhvlərə yol verdi. Amma bu barədə çox danışmaq istəmirəm. Əsas odu ki, uduzmadıq. Çətin vəziyyətə düşməyimizə baxmayaraq, sonda 1 xal qazana bildik. Hakim səhvlərinə baxmayaraq, hesab edirəm ki, qırmızı vərəqələr haqlı idi. Əlbəttə, epizodlara bir daha baxmaq lazımdı. Mənim vurduğum qola gəlincə, uşaqlara təşəkkürümü bildirirəm ki, belə bir vəziyyət yaratdılar. Onlar olmasaydı, mən qol vura bilməzdim. Zəif oynadığımı düşünürəm. Öz üzərimdə daha çox çalışmağım lazımdı".