"Qarabağdan Avroliqada belə oyun gözləmirdim"
"Qarabağ"ın sabiq yarımmüdafiəçisi Nderim Nedjepi keçmiş komandasının Avropa Liqasının qrup mərhələsindəki çıxışından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qarabağ"ın uğurlarına şadam. Keçmiş klubum Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmaqla böyük iş gördü. Bu, həm klubun, həm də Azərbaycan futbolunun imici baxımından önəmli addımdı. İndi orada mənim dostlarım çıxış edir. Çıxışlarını imkan daxilind izləyirəm. Qrup mərhələsindəki oyunları da xoşuma gəlir. Kimisə ayrıca vurğulamaq istəmirəm, "Qarabağ" həmişə komanda olaraq güclü təsir bağışlayıb. Etiraf edim ki, bu klubdan belə səviyyəli oyun gözləmirdim. Komandanın Qurban Qurbanov kimi baş məşqçisi var. "Qarabağ"ın qarşıdakı "Sent-Etyen"lə oyunda da uğur qazanacağına inanıram. Bu komandalar arasındakı ilk oyunda fransızlara çox çətin idi. Fransa da oxşar oyunu sərgiləyə bilsə, "Qarabağ"ın qələbə qazanacağına, qrupdan çıxacağına inanıram. Ümid edirəm ki, "İnter"lə son oyunda da uğur qazana biləcəklər".