Mahmud Qurbanov: Milli komandaya Nazarovdan başqa legioner dəvət etməyəcəm
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi funksiyasını yerinə yetirən Mahmud Qurbanovun azerisport.az saytına müsahibəsi
- Yəqin ki, çoxlu təbriklər almısız...
- Təbriklər haqda xüsusi danışmaq istəməzdim. Çünki mən sadəcə, baş məşqçi əvəziyəm. Amma belə təbii ki, tanışlardan təbriklər aldım.
- Bu postda günləriniz necə keçir?
- Mənə bu postu müvəqqəti tapşırıblar. Amma şübhəsiz ki, məsuliyyət çox böyükdü. Gecə-gündüz qarşıdakı Norveç oyunu haqda düşünürəm. Çünki nəticəyə məhz mən cavabdeh olacam.
- Berti Foqts sizinlə əlaqə saxlayıb, nəsə məsləhət verib?
- Hələ ki, ondan zəng gəlməyib. Mənlə Aslan Kərimov onun məşqçilər korpusunda yer almışdıq. Çox istərdim ki, Azərbaycan yığmasının baş məşqçisi postundakı yeganə oyunumda layiqli nəticə qazanım.
- Yaxşı oyun və nəticə olacağı halda, bu postda qalacağınıza dair düşüncələr var?
- Xeyr, bu, çətin ki, baş versin. Hazırda Azərbaycan yığmasına təcrübəli bir məşqçi lazımdı. Amma əlbəttə, yaxşı oyun sərgiləyib, nəticə qazanmağa çalışacam.
- Yəqin ki, yeni baş məşqçinin rəhbərliyi altında çalışacağınıza dair ümidiniz də var?
- Kimin təyin olunacağını bilmirəm. Amma yəqin ki, millidəki çıxışımı davam etdirəcəm. Bütün bunlar gələcəyin mövzusudu. İndi bütün diqqətim qarşıdakı oyuna yönəlib.
- Təyinatınızdan sonrakı ilk açıqlamanızda legionerlərdən imtina edəcəyinizi açıqlamısız...
- Hamısından imtina etməyi düşünmürəm. Böyük ehtimalla Dmitri Nazarovu dəvət edəcəm. O, son oyunlarda göstərdi ki, komandamıza lazımdı.
- Bəs qalanları?
- Hələlik, onların xidmətindən yararlanmaq haqda düşünmürük.
- Vaqif Cavadovla Mahir Şükürova dəvət göndərəcəksiz?
- Norveçlə oyunda təcrübəli futbolçulara ehtiyacımız olacaq. Cavid İmamverdiyevlə Rəhman Hacıyevə də dəvət göndərməyi planlaşdırıram. Yığmada oyun təcrübəsi olan futbolçular çıxış etməlidi.