Musayev: Qurbanovla Diniyevə 6 il vaxt verilsə, millimiz AÇ-2020-də oynaya bilər
Futbol üzrə Azərbaycan yığmasının sabiq hücumçusu Samir Musayevin azerisport.az saytına müsahibəsi
- Yəqin ki, yığmamızın İtaliya və Xorvatiyaya məğlubiyyətləri sizin üçün gözlənilməz olmadı...
- Xorvatiyaya belə uduzacağımızı gözləmirdim. Ən azından rəqibə müqavimət göstərəcəyimizi düşünürdüm. İtaliyaya da qarşı zəif oynadıq. Demək ki, 90 dəqiqə ərzində qapıya normal zərbə vurmadıq. Düzdü, İtaliyaya bir qol vurduq, amma o da avroqol idi. Xorvatlarla görüş haqda ümumiyyətlə, nə deyəcəyimi bilmirəm.
- Sizcə, bu məğlubiyyətin günahkarı kimdi?
- Əgər bizə qarşı 18 yaşlı uşaq oynayırsa, deməli, biz futbol oynamağı bacarmırıq. Bu biabırçı məğlubiyyəti ancaq Foqtsun insafına yazmaq olar.
- Amma o, böyük günahın futbolçularda olduğunu açıqlayıb...
- Bəs onları yığmaya kim çağırmışdı? Özü çağırmışdı. Özü də oyunlardan 10 gün əvvəl. Onu Azərbaycan yox, qazandığı pul düşündürürdü. Ona görə də bütün məsuliyyəti futbolçuların üzərinə atır.
- Foqtsun sözlərinə görə, İtaliya ilə oyundan sonra futbolçuların xorvatlara qarşı mübarizə aparmağa gücü qalmamışdı...
- Bu, gülməlidi. Sən yığmaya çağırdığın futbolçunun hazır olub-olmamasından xəbərsizsən? Bəs onda həmin 10 günlük təlim-məşq toplanışı nə üçün idi?
- Sizcə, Foqtsu kim əvəz edə bilər?
- Bizə ancaq yerli məşqçi lazımdı. Məşhur mütəxəssis var idi, nə dəyişdi ki? Yığmamız üçün hazırda iki namizəd var - Qurban Qurbanov və Şahin Diniyev. Onlar gələn kimi yığmada hər şeyin düzələcəyini deməzdim. Amma onlara 6 il vaxt verilsə, biz AÇ-2020-nin final mərhələsinə çıxa bilərik.