Aberdinin forvardı: Türk olsam da, Almaniyada doğulmuşam, Azərbaycan millisində çıxış edirəm
Azərbaycanın futbol üzrə U-19 yığmasının və Şotlandiyanın "Aberdin" klubunun forvardı Cem Felek öz çıxışından, eləcə də yığmamızı seçməsindən danışıb. Azerisport.az xəbər verir ki, o, hazırkı klubundan razı olduğunu söyləyib:
"Evimizdən uzaqdayam, ailəm üçün darıxıram. Bu baxımdan mənə asan deyil. Amma burada çox şey öyrənirəm, bu baxımdan hər şey yaxşıdı. Aberdin və klub xoşuma gəlir. Bura xüsusi yerdi".
"Almaniyada doğulmuşam, yeddi il orada çıxış etmişəm. Ondan sonra Frankfurta getdim, "Ayntraxt"a keçdim. Orada da yeddi il oynamışam. Oradan isə "Aberdin"ə keçdim. Çoxlu səfərlərim olub. Türkiyənin müxtəlif yığmalarına dəvət almışam. O vaxt çox kiçik idim. Amma daha çox Azərbaycan millisində olmuşam".
Cemin sözlərinə görə, o, özünü hansısa ölkənin vətəndaşı hesab etmir: "Almaniyada doğulduğuma görə özümü bu ölkənin vətəndaşı hesab edə bilərəm. Amma valideynlərim Türkiyədən olduğuna görə, həm də türkəm. Azərbaycan köküm də var, ona görə də bu ölkənin yığmasında oynamağa üstünlük verdim. Bütövlükdə, özümü bu ölkələrdən hansınınsa vətəndaşı hesab edə bilmərəm, mən dünya vətəndaşıyam".
"Türk dilində də danışa bilirəm, Azərbaycan dilini öyrənmişəm. Alman, ispan dillərini bilirəm, ingilis dilindən də az çox bildiklərim var".
Felek hədəflərindən də danışıb: "Hədəfim əsas komandada oynamaqdı. Bu müəyyən vaxt aparacaq. Amma inanıram ki, "Aberdin"in əsas heyətində oynamaq şansı qazanacam".
Qeyd edək ki, Cem Şotlandiya Premyer Liqasının 9-cu turu çərçivəsində keçirilmiş "Aberdin" - "Dandi" (3:2) matçında ilk dəfə iştirak ərizəsinə salınsa da, meydana çıxmaq şansı qazanmayıb. Onun komandası 16 xalla 5-ci yerdə gedir.