Kravçenko: Qarabağ Sent-Etyenə qarşı super oynadı
Ukraynanın "Dnepr" klubunun yarımmüdafiəçisi Sergey Kravçenko komandasının Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliya "İnter"inə qarşı oyunundan, eləcə də "Qarabağ"la matçdakı şanslarından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Komandada hər şey əladı. Bizim iki əsas oyunçumuz - Konoplyanka ilə Seleznyov sıraya dönüb. Onlar zədəli idilər. İndi özlərini yaxşı hiss edirlər. Son qələbələrimiz də onların qayıdışı sayəsindədi. "Olimpik"i də, "Metallist"i də böyük hesabla məğlub etdik. Bu qələbələr sayəsində komandada gözəl atmosfer formalaşıb. Çempionluq üçün mübarizə aparırıq".
O, "İnter"ə məğlubiyyətlərini də şərh edib: "Həmin oyunda bizim sadəcə, bəxtimiz gətirmədi. Bu görüşdə qalib gəlməliydik. Çoxlu qol epizodunu qaçırdıq. Bir kobud səhvə yol verdik, rəqib də buna görə bizi cəzalandırdı".
"Keçmiş komandam "Qarabağ"la oyuna gəlincə, onlar həmişə güclü olublar. "Sent-Etyen"ə qarşı sadəcə, super oynadılar. Biz də fransızlara qarşı "Qarabağ" kimi oynaya bilsək, qalib gələrik. Əminəm ki, bizim ağdamlılarla oyunumuz da maraqlı olacaq. Amma hələ "Qarabağ"a qalib gəlmək üçün nə etməli olduğumuzu bilmirik".