İbrahim Şehiç: Fanatlar daha yaxşı nəticəyə layiq idilər
Azərbaycan çempionu "Qarabağ"ın qapıçısı İbrahim Şehiç Avropa Liqasının qrup mərhələsi çərçivəsində Fransa "Sent-Etyen"inə qarşı keçirdikləri oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, 0:0 hesabıyla başa çatan qarşılaşmanı belə şərh edib:
"Bir xal qazandıq. Amma məncə, üç xala layiq idik. Bəlkə də bəxtimiz gətirmədi. İstənilən halda sevinməliyik. Çünki bu, qrup mərhələsindəki ilk matçımız idi. Rəqib də sıradan komanda yox, Fransa təmsilçisi idi, Avropanın ən yaxşı çempionatlarından birində çıxış edir. Əlbəttə, belə oyundan sonra qrupdan çıxacağımıza inam və ümid artır. Amma çox qabağa qaçmaq lazım deyil. Hədəfə doğru addım-addım irəliləməliyik. Bu gün daha çox azarkeşlərin dəstəyi ürəyimcə oldu. Onlar stadionu tam doldurmuşdular və bizə elə dəstək verirdilər ki, bunu sözlə ifadə etmək çətindi. Bu insanlar bundan daha artığına layiqdilər. Ümid edirəm ki, razı qaldılar. Öz oyunuma gəlincə, ikinci hissədə işim elə də çox olmadı. İlk yarıda isə bir neçə epizodda tərləməli oldum. Bu gün hamımız yaxşı oynadıq. Xüsusilə, müdafiəçilərimizin inamlı oyunu sayəsində işim yüngül oldu. Təəssüf ki, qol vura bilmədik".