Maksim Medvedev: Poqbanı daha çox televizordan izləmişik
Azərbaycan çempionu "Qarabağ"ın futbolçusu Maksim Medvedev Avropa Liqasının qrup mərhələsi çərçivəsində Fransa "Sent-Etyen"inə qarşı keçirdikləri oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, 0:0 hesabıyla başa çatan qarşılaşmanı belə şərh edib:
"Hesab edirəm ki, biz bu gün iki xal itirdik. Topa daha çox nəzarət edirdik, daha çox hücum təşkil edirdik. Amma "Sent-Etyen" zəif komanda deyil. Bu komandada hansı səviyyəli futbolçuların oynadığını unutmamalıyıq. Məsələn, elə Florentin Poqbanı və ya Bayal Sallı götürək. Biz onları daha çox televizordan görməyə alışmışıq. Əlbəttə, onlara qarşı mübarizə aparmaq çox xoş idi. Fikrimcə, "Qarabağ" bu gün azarkeşlərdə yaxşı təəssürat yaratdı. Sadəcə, hücumları məntiqli sonluqla başa çatdıra bilmədik. Qol buraxmamağımız da az əhəmiyyət daşımır".