Vüqar Nadirov: Qarabağ Azərbaycan xalqını yaxşı nəticə ilə sevindirməlidi
"Qarabağ"ın hücumçusu Vüqar Nadirovun azerisport.az saytına müsahibəsi
- Avroliqanın qrup mərhələsinin startında "Qarabağ"dan nə gözləyək?
- Sabah biz debüt matçımıza çıxacağıq. Çox vacib oyundu. Bilirik ki, çətin olacaq. Amma komandamız starta hazırdı. Çünki yaxşı hazırlaşmışıq.
- Bunu AZAL üzərində qazandığınız 3:0 hesablı qələbəyə görə deyirsiz?
- Bəli. Həmin oyuna da yaxşı hazırlaşmışdıq. Başa düşürdük ki, bu oyunda bizə mütləq qələbə lazımdı. Turnir cədvəlindəki vəziyyətimizi yaxşılaşdırmaq lazım idi. Yaxşı oynadıq və qələbə qazandıq.
- Siz özünüz meydana ikinci hissədə çıxsaz da, bir qol ötürməsi etdiz, bir qol vurduz...
- Sevimli komandam üçün əlimdən gələni etməyə hazıram. Bunun üçün çempionatda və ya avrokuboklarda oynamağımız fərq etmir. Hər oyunda komandama xeyir verməyə çalışıram.
- Fransa "Sent-Etyen"i barədə nə bilirsiz?
- Baş məşqçimiz rəqib haqda bütün məlumatları toplayıb, bizimlə bölüşüb. "Sent-Etyen" güclü komandadı. Amma biz istənilən halda qələbə qazanmaq istəyindəyik.
- "Qarabağ"da inam hiss olunur. Sizcə, stadion da dolu olacaq?
- Sabah tribunaların tam dolmasını, bizə azarkeşlik etməsini çox istəyirəm. Bütün azarkeşləri stadiona dəvət edirəm. Bizə onların dəstəyi çox lazımdı.
- Bu oyundan hansı nəticəni gözləyək?
- "Qarabağ" Azərbaycan xalqını yaxşı nəticə ilə sevindirməlidi. Hədəfimiz yalnız budu.