Kiyan Sultanpur: Ümid edirəm ki, liderliyimizi davam etdirəcəyik
"Sumqayıt"ın hücumçusu Kiyan Sultanpurun azerisport.az saytına müsahibəsi
- "Bakı" üzərində qazandığınız qələbə ilə bağlı nə deyə bilərsiz?
- Bilirdik ki, asan səfər olmayacaq. İlk dəqiqələrdən qol buraxdığımız üçün bizə ikiqat çətin oldu. Birinci hissədə oyunumuz alınmadı, qol vura bilmədik. Amma hesabı bərabərləşdirdikdən sonra daha yaxşı oynamağa başladıq.
- "Bakı" çox da güclü heyətə malik deyil. Asan qələbə qazanmağınıza nə mane oldu?
- Mübarizəsiz heç bir oyunu qazanmaq olmaz. "Bakı" bizə bu oyunda çox çətinlik yaşatdı.
- Liderliyinizi qoruduz. "Sumqayıt" nağılı davam edir?
- Elə də demək olar. Çox az adam bizdən belə oyun gözləyərdi. Komandamız üçün də bu, bir sürprizdi. Amma biz bunun üçün çox çalışırıq.
- Liderliyinizi nə dərəcədə çox davam etdirə biləcəksiz?
- Bunun nə qədər çox davam edəcəyini bilmirəm. Gəlin çox da uzağa baxmayaq. Biz də liderliyimizi düşünmürük. Artıq qarşıdakı AZAL ilə oyun barədə fikirləşməliyik. Ümid edirəm ki, uğurlu seriyamızı davam etdirə biləcəyik.
- Geridə qalan oyunlarda iki dəfə fərqlənmisiz. Bu, Sultanpur üçün normal nəticədi?
- Fikrimcə, pis deyil. Amma qol vuracağıma, "Sumqayıt"a daha çox fayda verəcəyimə ümidliyəm.
- Özbəkistanla yoxlama oyunu zamanı Azərbaycan millisinə dəvət alsaz da, meydana çıxmadız. Niyə?
- Bunun səbəbini mən deyə bilmərəm. Bunu ən yaxşısı baş məşqçidən soruşun.
- Yığmamızın İtaliya və Xorvatiya ilə oyunlarına dəvət gözləyirsiz?
- Mən belə komandalara qarşı oyunlar üçün heyətdə yer almağıma ancaq şad ola bilərəm.