Millimizin forvardı klubunu dəyişdi
Azərbaycan milli komandasının hücumçusu Rüfət Dadaşov Almaniyada növbəti dəfə klubunu dəyişib. Azerisport.az xəbər verir ki, bu yay "Kayzerslautern"dən "Tsvaybrüken"ə keçən 22 yaşlı hücumçu bu komandasını da tərk edib.
Belə ki, o, Almaniya regional liqasının digər üzvü "Saarbruken"lə rəsmi müqavilə imzalayıb. Klubun rəsmi saytında yerləşdirilən məlumata görə, Dadaşov 2016-cı ilin iyuluna kimi yeni komandasının şərəfini qoruyacaq.
Klub saytına danışan "qara-göylər"in baş məşqçisi Fuat Kılıç isə hücumçumuzla bağlı ağızdolusu danışıb. Türk əsilli mütəxəsiss 22 yaşlı forvardı ingiltərəli futbolçu Metyu Taylora bənzədib: "Rüfət Matt Taylor kimi rəqibi şoka salan tipik hücumçudu. Feliks zədələndikdən sonra biz bu cür oyunçu axtarırdıq. Rüfətin aydın hədəfləri və planları var. O, nəyə qadir olduğunu regional liqada sübut edib və beynəlxalq səviyyədə təcrübə qazanıb. O, komandamıza qoşulduğu üçün çox şadıq".