"Bizi heç İtaliya məğlub edə bilməz, Bakıya qələbə üçün gəlirik"
Futbol üzrə Bolqarıstan yığmasının müdafiəçisi Petar Zanevin azerisport.az saytına müsahibəsi
- Bolqarıstan yığmasını Azərbaycanla səfər oyununa hazır hesab edirsiz?
- Toplanış çox şeyə aydınlıq gətirəcək. Fikrimcə, oyuna qədər tam hazır olacağıq.
- Bakıya hansı məqsədlə gələcəksiz?
- Seçmə mərhələnin ilk oyunu asan olmayacaq. Bunu başa düşürük. Ona görə də mümkün qədər uğurlu çıxış etməyə çalışacağıq. Fikrimcə, çox həyəcanverici qarşılaşma olacaq. Hər şeyə rəğmən, yaxşı nəticəyə ümidliyik.
- Heç-heçə sizi qane edir?
- Xeyr, bu, bizim üçün uğurlu nəticə olmayacaq. Ancaq qələbəyə oynayacağıq.
- Azərbaycan yığmasına səfərdə qalib gələcəyinizi düşünürsüz?
- Əlbəttə. Belə düşünən tək mən deyiləm, bütün komanda yoldaşlarım eyni fikirdədi. Bizi heç İtaliya da məğlub edə bilməz. Mən Azərbaycanın zəif olduğunu demək istəmirəm. Sadəcə, özümüzə inanırıq.
- Belə bir inam Azərbaycan yığmasında da var...
- Ola bilər. Təəccüblü deyil. Hər bir komanda meydana qələbə üçün çıxır.
- Azərbaycan yığmasından kimisə tanıyırsız?
- Komandanızın heyətinə baxmışam. Çoxlu gənc oyunçular var. Türkiyəli futbolçuların bir neçəsini görmüşəm. Klublarınızdan da "İnter"i, "Qəbələ"ni, "Bakı"nı pis tanımıram.
- Bəs futbolçulardan?
- Bir neçəsini tanıyıram. Amma adlarını xatırlamıram. Sadəcə, oyunlarını görmüşəm.