Kazbek Tuayev: Qarabağ və Neftçi Avroliqanın qrupuna düşməyə borcludu
AFFA İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayevin azerisport.az saytına müsahibəsi
- "Qarabağ" Avroliqanın pley-off mərhələsində Hollandiya "Tvente"sini keçə biləcək?
- Əgər keçməsə, böyük biabırçılıq olacaq. Ümumiyyətlə, bu cür "Tvente"ni necə keçməmək olar ki? İlk oyun göstərd ki, rəqib xüsusi heç nəyə malik deyil. Qurban Qurbanovun komandası bütün komponentlərdə onlardan üstündü. Rəqibin gücünü şişirtmək lazım deyil.
- Bəs "Neftçi"?
- Serbiya "Partizan"ını istənilən halda keçmək lazımdı. İlk oyundakı məğlubiyyəti nəzərə almasaq, bakılılar kifayət qədər layiqli oyun sərgilədilər və Belqraddan qələbə ilə də dönə bilərdilər. Artıq ilk oyunu unudub, cavab görüşünə qələbə üçün çıxmaq lazımdı. "Neftçi"də yaxşı ifaçılar var ki, görüşün taleyini həll edə bilərlər. "Partizan" uduzulası komanda deyil. Əgər keçməsək, çox pis olacaq. Hər iki klubumuz bu payız Avroliqanın qrup mərhələsində oynamalıdı.
- Bolqarıstan "Ludoqorets"i Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanırsa...
- Bizim klublar "Ludoqorets"dən zəifdi ki? Psixoloji planda artırmaq lazımdı, böyük istək, həvəs olmalıdı. Bolqarlar bax bunun sayəsində ÇL-də oynayırlar.
- Sentyabrın 3-də Azərbaycan yığmasını Moskvada Rusiya ilə yoxlama oyunu gözləyir. Nə düşünürsüz?
- Rəqibimiz öz "səviyyəsini" Braziliyadakı dünya çempionatında göstərdi. Valeri Qazzayev "çoxdan idi bizim belə zəif komandamız olmurdu" deməkdə haqlı idi. Bu komanda ilə qarşılaşma yığmamız üçün yaxşı hazırlıq olacaq.
- Rusiya ilə oyunlarımız ərəfəsində həmişə ajiotaj olur. Bu dəfə necə olacaq?
- Fikrimcə, bu dəfə elə olmayacaq. Çünki xüsusi idman marağı yoxdu. Adi yoldaşlıq oyunu olacaq və əminəm ki, komandamız bu görüşdə nəyə qadir olduğunu göstərəcək.
- Qalib gələcək?
- Əlbəttə, Azərbaycan. Biz bu komanda ilə oyunlarda həmişə özümüzü yaxşı tərəfdən göstərmişik. Rusiyadan yaxşı əhval-ruhiyyədə qayıtmaq lazımdı. Qarşıda Bolqarıstanla rəsmi oyun var. Seçmə mərhələyə də qələbə ilə başlamaq lazımdı.
- Özbəkistanla yoxlama oyunundan sonra Vaqif Cavadov və Mahir Şükürov milliyə dəvət olunan əksər legionerlərin əvəzinə Reynaldonun milliləşdirilməsinin daha faydalı olduğunu bildirdi...
- Onları tam dəstəkləyirəm. Bəsdi kənardan gəlmə futbolçulara bu qədər qucaq açdıq. Berti Foqtsun da öz planlarının olduğunu başa düşürəm. Amma öz futbolçularımıza güvənmək lazımdı.
- Reynaldoya da ehtiyac duymursuz?
- Gəlin etiraf edək ki, braziliyalı yaxşı futbolçu olmasaydı, bu söhbətlər də meydana gəlməzdi. Bu yol artıq keçilib və bəhrəsiz olduğunu görmüşük. Artıq millini gücləndirməyin başqa yollarını axtarıb tapmaq lazımdı.