Böyükağa Hacıyev: İndi Partizanın çatışmazlıqlarını daha yaxşı bilirəm
"Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev Avropa Liqasının pley-off mərhələsi çərçivəsində qarşılaşacaqları Serbiya "Partizan"ı ilə cavab oyunu öncəsi şansları dəyərləndirib. Azerisport.az xəbər verir ki, o, rəqibin səhvlərindən xüsusi bəhs edib:
"Hələ ilk oyun öncəsi bilirdik ki, rəqib cərimə meydançasında səhvlərə yol verir, bundan da yararlandıq. Amma rəqib də bizi analiz edib. İlk oyunumuza 5-6 dəfə baxmışam. Artıq "Partizan"ın çatışmazlıqlarını daha yaxşı bilirəm. Əgər Stamenkoviç ilk oyunda yaxşı oynasaydı, uduzmazdıq. Yəqin ki, stadionun aurası ona pis təsir etdi. Bu gün biz həmin oyunu komanda ilə birgə bir daha analiz edəcəyik. Avrokuboklarda təcrübəmiz var. Sabahkı oyunda reytinqimizi yaxşılaşdıra da bilərik, pisləşdirə də. Sabah nəyin baş verəcəyini indidən deyə bilmərəm. Mümkündü ki, oyuna iki hücumçu ilə çıxaq, yeni taktika ilə mübarizə aparaq. Elə komandamız var ki, hətta müdafiəçilərimiz də qol vurur".