Cavid İmamverdiyev: İşin 50 faizi azarkeşlərdən asılıdı
"Neftçi"nin yarımmüdafiəçisi Cavid İmamverdiyev Avropa Liqasının pley-off mərhələsi çərçivəsində qarşılaşacaqları Serbiya "Partizan"ı ilə cavab oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
“Partizan”ın hazırda daha güclü olduğunu düşünürəm. Amma biz də zəif deyilik. Düzdü, səfərdə uduzduq. Məğlubiyyətin əsas səbəbi isə zəif oyun yox, arxayınlaşmaq idi. Biz 2 qol vurduqdan sonra rahat oynadıq və qollar buraxdıq. Sabah isə cavab oyunudu. Mən fürsətdən istifadə edib, xalqımıza səslənirəm. Ümid edirəm ki, azarkeşlər sabah bizə stadionda dəstək olacaqlar. İşin 50 faizi azarkeşlərdən asılıdı. Onların köməyinə çox ehtiyacımız var. “Neftçi”də durum çox yaxşıdı. Əgər biz sabah öz oyunumuzu sərgiləsək, “Partizan” bizə qol vura bilməz. Mənim üçün artıq qrup mərhələsində oynamaq ümidi yox, arzusu var. Özümü Avropa Liqasının qrup mərhələsində görürəm. Biz vaxtilə qrup mərhələsinə düşüb, tarix yazmışıq. Çalışacağıq ki, uğurumuzu təkrarlayaq. Sonda yenə azarkeşlərə səslənmək istəyirəm. “Neftçi”nin oyununda mərkəzi arenanı tam dolmuş vəziyyətdə görmək arzumdu”. (PFL)