"Reynaldonun əvəzində Qarabağda oynamaq istəməzdim"
Hollandiyanın "Tvente" klubunun hücumçusu Yunes Moxtar Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyundan sonra azerisport.az saytının suallarını cavablandırıb:
- "Qarabağ" yaxşı oynasa da, qalib gələ bilmədi. Sizcə, niyə?
- "Qarabağ" gözlədiyimdən də yaxşı oynadı. Amma rəqibin güclü olduğunu bilirdim. Sadəcə, bu qədər güclü olduqlarını düşünməmişdim. "Qarabağ"ın qələbə qazana bilməməsində isə müdafiə xəttimizin yaxşı oyunun rolu böyükdü.
- Komanda yoldaşlarınız qazondan narazı idi...
- Hə, mən də. Qazon yaxşı olsaydı, biz daha yaxşı oynaya bilərdik.
- Axı siz daha çox müdafiə olunurduz...
- Biz yerlə oynamağı sevirik. Sadəcə, qazonun bəzi yerləri dəhşətli vəziyyətdə idi. Ona görə bizim də oyunumuz alınmırdı.
- "Tvente" Bakıya niyə oyundan bir gün öncə gəldi?
- Bu suala cavab verə bilmərəm. Bu sualın cavabını klubumuzun rəsmiləri daha yaxşı bilərlər.
- Kimin qrup mərhələsinə vəsiqə qazanmaq şansı daha çoxdu?
- Bizdə meydan daha yaxşıdı. Öz oyunumuzu göstərə biləcəyik. Ona görə də bizim şansımızın daha çox olduğunu düşünürəm. Düzdü, "Qarabağ" da yaxşı komandadı. Amma bu oyunda azarkeş dəstəyi də komandanıza kömək edirdi. Yaxşı atmosfer vardı. Cavab oyununda isə biz belə dəstəyə malik olacağıq.
- "Tvente" sizi Reynaldoyla əvəzləsə, razılaşarsız?
- (gülür) Reynaldonun əvəzində "Qarabağ"a gəlmək? İstəməzdim. Enshededə xoşbəxtəm. Reynaldo yaxşı futbolçudu, amma mən "Tvente"də oynamaq istəyirəm.