Denis Silva: Biz Partizanı keçəcək gücdəyik
"Neftçi"nin müdafiəçisi Denis Silvanın azerisport.az saytına müsahibəsi
- Artıq sabah Avroliqanın pley-off mərhələsində "Partizan"la ilk oyuna çıxacaqsız. Bu komanda Serbiya çempionatındakı son matçında rəqibinə dörd qol vurub...
- Deməli, biz elə oynamalıyıq ki, onlar bizə qol vura bilməsinlər. Bizdə motivasiya daha güclüdü. Fikrimcə, çempionatda "Bakı"ya qarşı keçirdiyimiz oyundan daha yaxşı çıxış edəcəyik.
- "Partizan"ı keçə biləcəksiz?
- Borcluyuq. "Neftçi" Avroliqanın qrup mərhələsinin iştirakçısı olub. Uduzmaq olmaz. Bizim bu komandanı keçmək üçün kifayət qədər gücümüz var.
- Rəqibin ciddi maliyyə böhranı ilə üzləşdiyi artıq hamıya məlumdu. Bu, komandanızın işini asanlaşdıra bilər?
- Bunu demək çətindi. Çünki biz klubdakı durumun dəqiq necə olduğundan xəbərsizik. Problemlər müxtəlif dövrlərdə hər bir klubda olur. Bu, normal haldı. Hətta vəziyyət çox pis olsa da belə, "Partizan"ın oyunçularına ciddi təsir edəcəyini düşünmürəm.
- Nikolas Kanalesin qayıdışı komandanızın hədəfinə çatmasına kömək edə bilər?
- Təbii ki, bu, bizim şanslarımızı daha da artırır. O, çox yaxşı hücumçudu və bunu öz oyunu ilə göstərib.
- "Bakı" üzərində qələbə haqda nə deyə bilərsiz?
- Bizim üçün yaxşı gün idi. Öz qolumuzu vurduq, çoxlu şansları boşa versək də, vacib qələbə qazandıq. "Araz Naxçıvan"a məğlubiyyətdən sonra bu qələbəyə ehtiyacımız var idi.