Maksim Medvedev: Səfərə də qələbə üçün gedəcəyik
"Qarabağ"ın müdafiəçisi Maksim Medvedevin azerisport.az saytına müsahibəsi
- Avstriya "Zalsburq"u ilə ilk oyundan qalib ayrıla bildiz. Təəssüratlarınız necədi?
- Çox çətin oyun idi. Bu qədər azarkeşin gözü qarşısında oynamaq da çox məsuliyyətli idi. 80 faiz qələbə qazanacağımıza əmin idim. Şadam ki, istəyimizə nail olduq.
- Admir Teli qırmızı vərəqə alandan sonra müdafiədən oynamalı oldunuz...
- Rəqib azlıqda qalanda biz onları qapılarına sıxışdırmağa başladıq. Amma bu, çox az sürdü. Telinin də meydandan qovulması işimizi çətinləşdirdi. Mən müdafiənin mərkəzinə keçdim, Qara Qarayev sağ cinaha. Dəyişikliklər fasilə zamanı oldu. Bütün bunlar təbii ki, oyunumuza təsir etdi.
- Razısız ki, "Qarabağ"ın bu oyunda müəyyən qədər bəxti gətirdi?
- Həqiqətən də "Zalsburq"un çoxlu qol vəziyyətləri oldu. Bəzi epizodlarda dəqiq oynamadılar. Amma yüz faizlik qol epizodları bir dəfə oldu, ondan da yararlandılar.
- Hakim Reynaldonu meydandan qovmaqda haqlı idi?
- Əgər futbolçumuz rəqibə zərbə endiribsə, hakim haqlıdı. Məncə, Reynaldo heç etiraz da etmədi. Deməli, orada nəsə olub.
- Teli və Reynaldosuz cavab matçında necə olacaq?
- Çox çətin olacaq. Mən özüm hələ zədədən sonra tam özümə gələ bilməmişəm. Rəşad Sadıqov yenicə qayıdıb, hələ formada deyil. Zalsburqdakı oyunda problemlərimiz çox olacaq. Amma istənilən halda oraya qələbə üçün gedəcəyik. Ümid var. Təcrübə də həmçinin. "Zalsburq"dan qorxmuruq. Orada da öz futbolumuzu oynamağa çalışacağıq.