Yan Miyan: Hakimlikdən danışmaq istəmirəm
İsveçin "Elfsborq" klubunun məşqçisi Yan Miyan Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Bakı "İnter"inə qarşı keçirdikləri cavab oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, komandasının qələbəsini (1:0, penaltilərlə - 4:3) belə şərh edib:
"Penaltini boşa verəndən sonra komandamızda psixoloji gərginlik yarandı. Amma zaman keçdikcə hər şey qaydasına düşdü və biz lazım olan qolu vurduq. "İnter" çox yaxşı oynadı. Baxmayaraq ki, onlar azlıqda idiər. Yəqin ki, rəqib tam heyətlə oynasaydı, hər şey tam fərqli olacaqdı. Bizim futbolçular da qələbə qazanmaq üçün bütün güclərini meydanda qoydular".
Miyan penaltilərə hazır olduqlarını etiraf edib: "Biz penaltilər seriyasına hazırlaşmışdıq. Hətta penaltiləri kimin vuracağını da müəyyənləşdirmişdik. Amma əsas futbolçularımız o qədər yorğun idilər ki, onlar penalti vurmaq istəmədilər. Şadam ki, onları əvəzləyən futbolçularımız bizə qələbə qazandırdılar".
İsveçli mütəxəssis hakimlikdən danışmaq istəməyib: "Zəif hakimlik də olur, güclü hakimlik də. Amma bu oyunun hakimliyini şərh etmək istəmirəm".