Qəbələnin yeni forvardı: Özümə, bacarığıma güvənirəm
"Qəbələ"nin yeni futbolçusu Yazalde Pinto Hollandiya toplanışı çərçivəsində Türkiyənin “Konyaspor” klubuna qarşı keçirilmiş yoxlama oyunundan (2:0) sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, qarşılaşmaya sonradan daxil olan və ikinci qola imza atan portuqaliyalı hücumçu komanda yoldaşları ilə yaxşı anlaşdığını söyləyib.
O, klubunun rəsmi saytına açıqlamasında ölkə çempionatında üzərinə düşən vəzifəni layiqincə yerinə yetirəcəyinə inandığını bildirib: “İlk oyunda qol vurmaq sevindirici haldı. Nəzərə almaq lazımdı ki, 2 gündü komanda ilə məşqlərə başlamışam. Hələ tam fiziki formamı yığmamışam. Çempionatın startına kimi hazır duruma gəlmək üçün maksimum səy göstərəcəm. Komandam ilə ilk oyuna çıxmağıma baxmayaraq, futbolçu yoldaşlarımla yaxşı anlaşdıq. Bir neçə qol epizodu yarada bildik. Bizi qarşıda uzun və ciddi marafon gözləyir. Hücumçu kimi üzərimə düşən məsuliyyəti yaxşı anlayıram. Komandanın irəli getməsi üçün qol vurmalıyam. Özümə, bacarığıma güvənirəm. İnanıram ki, məndən gözlənilənləri ortaya qoya biləcəyəm”.