İqor Tarasov: Şəxsən mən İnterlə oynamağımızı istərdim
"Simurq"un sabiq hücumçusu, hazırda Belarusun "Neman" klubunda çıxış edən İqor Tarasovun azerisport.az saytına müsahibəsi
- Komandanız Avropa Liqasında İslandiya "Hafnarfyordur"unu keçsə, növbəti mərhələdə ya İsveç "Elfsborq"u, ya da Bakı "İnter"i ilə qarşılaşacaq. "Bankirlər"ə qarşı Azərbaycan çempionatında oynamısız. Bu komanda yadınızda necə qalıb?
- Onlar həmişə çempionluq uğrunda mübarizə aparırlar. İndi də qarşılarında yüksək hədəflərinin olması şübhə doğurmur. Çox yaxşı kollektivi, ağıllı baş məşqçisi var. Komandanı hər oyuna necə hazırlamaq lazım olduğunu yaxşı bilir. Onun yetirmələri həmişə meydanda nə etməli olduqlarını yaxşı bilirlər. "İnter"in futbolçuları standart vəziyyətlər zamanı da çox təhlükəli olurlar.
- Yəqin ki, növbəti mərhələdə "Neman"la "İnter" qarşılaşsa, məşqçilər korpusuna Azərbaycan klubu ilə bağlı bildiyiniz hər şeyi deyəcəksiz...
- Bilmirəm. Axı indi "İnter"in komanda daxilindəki işlərindən xəbərim yoxdu. "Simurq"dakı çıxışımdan xeyli vaxt keçib. Ona görə də "İnter" barədə nəsə konkret bir söz deməkdə çətinlik çəkirəm. Oyun fəlsəfələrindən xəbərim olsa da, bunun yetərli olduğunu düşünmürəm.
- Püşk sizin cütə "İnter"lə "Elfsborq"u çıxaranda nə düşündüz?
- Biz hələ ki, "Hafnarfyordur" səddini keçmək haqda düşünürük. İlk oyun heç-heçə başa çatıb - 1:1.
- İslandiyada uğur qazanacağınıza inanırsız?
- Buna hamımız inanırıq. İlk oyunda daha yaxşı oynasaq da, ələ düşən fürsətlərdən lazımınca yararlana bilmədik. Əvəzində öz qapımızda qol gördük.
- Bəs üçüncü təsnifat mərhələsində hansı komanda ilə qarşılaşmaq istərdiz?
- Bizim üçün fərqi yoxdu, istər "İnter" olsun, istərsə də "Elfsborq". Hər ikisi yüksək səviyyəli komandadı. Amma şəxsən mən "İnter"ə qarşı oynamağı istərdim.