Qarabağ braziliyalı oyunçu ilə iki illik müqavilə imzalayacaq (FOTO)
22 iyul 2013 16:57
Yunanıstanın “Olimpiakos” klubunun yarımmüdafiəçisi Çumbinyonun karyerasını Azərbaycanda davam etdirəcəyi dəqiqləşib. Azerisport.az xəbər verir ki, braziliyalı futbolçu artıq “Qarabağ”la anlaşıb.
Tezliklə bu transferin rəsmən açıqlanması gözlənilir. Onun yaxın günlərdə Azərbaycana gəlməsi nəzərdə tutulub. Futbolçu Bakıya təşrif buyuran kimi, Ağdam klubu onunla iki illik müqaviləyə imza atacaq.
Qeyd edək ki, Çumbinyonu Yunanıstanın digər klubu “Aris” də heyətində görmək istəyirmiş. Amma o, Azərbaycan komandasına keçməyə üstünlük verib.
Maraq üçün bildirək ki, 1986-cı ildə anadan olmuş və tam adı Marinaldo Çiçero da Silva olan Çumbinyo karyerası ərzində çoxlu klublarda çıxış edib. O, karyerasına 2005-2006-cı illərdə vətənində “Sao Paulo”da başlayıb. 2006-cı ildə Çumbinyo “America-SP” klubuna icarəyə verilib. Elə həmin il Yaponiyanın “Kashima Antlers”ində də icarə əsasında forma geymiş yarımmüdafiəçi 2007-də “Coritiba”da oynayıb. Həmin il “Ponte Preta”da da top qovmağa imkan tapan Çumbinyonu 2008-də “Rio Claro” transfer edib. 2008-2009 mövsümündə bu futbolçunu Portuqaliyanın “Leixoes” klbubu alıb. 2009-cu ildən isə Çumbinyo Yunanıstanda çıxış edir. O, bu ölkədə əvvəlcə “Ethnikos”un şərəfini qoyurub. 2010-cu ildə isə braziliyalı “Olimpiakos”la müqavilə imzalayıb. Lakin maraqlıdı ki, elə alınan gündən bu futbolçu digər klublara icarəyə verilib. Çumbinyo son illərdə “Panserraikos”, OFI, “Levadiakos” və “Atromitos”un formasını geyinib.