13 may 2012 02:06
Galatasaray çempion oldu, Şükrü Saracoğlu savaş meydanına döndü
Futbol üzrə Türkiyə Super Liqasının Superfinal matçında "Fenerbahçe" ilə qolsuz heç-heçə edən "Qalatasaray" əzəli rəqibinin meydanında çempion olsa da, bunu bayram etmək istəməsi yerli azarkeşlərin böyük etirazına və nəticədə iğtişaşlara səbəb olub. Azerisport.az xəbər verir ki, yerli azarkeşlərin meydana axışması və onlarla polis arasında yaranan qarışıqlıqdan sonra "sarı-qırmızı"lı futbolçular çempionluq sevinclərini istədikləri kimi bayram edə bilməyiblər və paltardəyişmə otağına yollanıblar.
Çevik Poli Alayının əməkdaşları ilə fanatlar arasında ciddi gərginlik yaşanıb. Bu zaman polis azarkeşləri sakitləşdirmək üçün gözyaşardıcı qazdan istifadə edib. Qazın təsirindən fanatlar mətbuat üçün ayrılmış sektora keçib. Bu zaman jurnalistlər də qazdan zərər çəkib. Meydanı tərk edən fanatlar əllərinə keçən hər şeyi polislərə atıblar. Stadionun kənarında da “Fenerbahçe” azarkeşləri polislə üz-üzə gəlib. Polis fanatları su şırnağları və qaz bombaları ilə uzaqlaşdırmağa çalışıb. Nəticədə bir neçə polis əməkdaşı və azarkeş yaralanıb.
“Galatasaray” yaranan iğtişaşlara rəğmən, çempionluq kubokuna məhz əzəli rəqibinin meydanında sahib çıxmaq istədiyini bildirib. Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Dəmirörən və qurum rəsmiləri də bu məsələdə aciz qalıblar. Lakin "Galatasaray"ın prezidenti Ünal Aysal TFF-yə sərt şəkildə etiraz edərək, onlara kubokun verilməsini tələb edib. Fatih Terim isə açıqlamasında kuboku "Şükrü Saracoğlu" stadionunda alıb, bayram etməyəcəklərinə qədər Kadıköyü tərk etməyəcəklərini bildirib.
Hətta vəziyyət o həddə çatıb ki, “Galatasaray”ın vitse-prezidenti Abdürrahim Albayrak baş nazir Rəcəb Tayyib Ərdoğana zəng edib. Baş nazir isə İstanbul valisinə zəng edərək, təhlükəsizliyin təmin olunmasını təmin etməyi tapşırıb. Məhz bundan sonra “Galatasaray” və TFF rəhbərliyi meydana çıxıb. Federasiya prezidenti Yıldırım Dəmirörən kuboku “Qalatasaray”a təqdim etdikdən sonra futbolçular bu zəfərlərini bayram ediblər.
